Türkiyənin Mersin vilayətinin Yenişəhər rayonunda yerləşən bir kafedə iki qrup arasında baş verən dava böyük qalmaqala səbəb olub. AzPost İHA-ya istinadla xəbər verir ki, hadisə zamanı gənclərin bir-birinə yumruq və təpiklə hücum etməsi ətrafdakı insanların narahatlığına səbəb olub. Kafedə baş verən dava bir vətəndaşın mobil telefon kamerası ilə qeydə alınıb.
Hadisə axşam saatlarında Çiftlikköy məhəlləsində, Universitet küçəsində yerləşən kafedə baş verib. Məlumata görə, kafedə oturan iki qrup arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə qarşıdurmaya çevrilib. Mobil telefonla çəkilmiş görüntülərdə gənclərdən birinin digəri ilə giriş qapısı yaxınlığında əlbəyaxa davaya çıxması, boğazından tutaraq yumruqlaması aydın görünür.
Kadrlar həmçinin digər gənclərin də kafenin içərisində bir-birinə təpik və yumruq ataraq davanı daha da böyütdüyünü göstərir. Dava zamanı bəzi stulların aşdığı, müştərilərin isə təhlükədən uzaqlaşmaq üçün tələsik masalarını tərk etdiyi diqqətdən qaçmır. Kafenin işçilərinin davanı ayırmaq üçün etdiyi cəhdlər də görüntülərə düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Polisin məsələ ilə bağlı araşdırma apardığı bildirilib.