“Kapital Bank”da 2 qəpiklik qalmaqal- Bankın texniki xətası müştərinin kredit tarixçəsini korladı

Kapital Bank
Kapital Bank

Azərbaycanda bank sektorunda növbəti dəfə maraqlı və eyni zamanda düşündürücü narazılıq yaranıb. “Kapital Bank”ın müştərisi bankın tətbiqində görünməyən 2 qəpiklik borca görə digər banklardan imtina aldığını bildirərək sosial şəbəkələrdə etirazını ifadə edib.

“Borc tətbiqdə görünmür, lakin gecikmə kimi qeydə alınır”

AzPost xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, o, ötən ilin noyabr ayında bank qarşısındakı bütün öhdəliklərini bağladığını zənn edib. Lakin bu günlərdə başqa bir banka kredit müraciəti edərkən ona imtina cavabı verilib. Səbəb kimi isə “Kapital Bank”a 2 qəpik borcunun qaldığı və bu məbləğin 141 gündür gecikmədə olduğu göstərilib.

Müştəri qeyd edir ki, “Birbank” mobil tətbiqində heç bir borc görünmədiyi halda, bu məbləğin kredit tarixinə (MKR) mənfi təsir göstərməsi texniki məsuliyyətsizlikdir:

“10 manat borcumuz 1 gün gecikən kimi hər kəsə zəng edirsiniz, bəs niyə 2 qəpiyə görə məni məlumatlandırmamısınız? Tətbiqdə borc görünmürsə, mən onu necə ödəyə bilərəm?”

Bankın cavabı: “5 manatdan aşağı borclara görə zəng etmirik”

Məsələ ilə bağlı bankın operatoru ilə əlaqə saxlayan vətəndaşa verilən cavab daha çox təəccüb doğurub. Bank rəsmisi bildirib ki, qurum daxili qaydalara əsasən, 5 AZN-dən aşağı borclar üçün müştəriyə zəng edilmir. Lakin müştəri haqlı olaraq qeyd edir ki, məbləğin kiçik olmasına baxmayaraq, o, kredit reyestrində “etibarsız müştəri” kimi görünməsinə və real ziyan çəkməsinə səbəb olub.

Məsələ ictimailəşdikdən sonra bank tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, 5 AZN və daha az məbləğlər gecikmə kimi nəzərə alınmır və onlara cərimə (dəbbə) hesablanmır. Bank rəhbərliyi vəziyyəti araşdırmaq üçün müştəridən şəxsi məlumatlarını tələb edib və məsələnin qısa zamanda həll olunacağını vəd edib.

Ekspertlər bildirirlər ki, bank tətbiqlərindəki texniki qalıqlar (yuvarlaqlaşdırma və ya faiz hesablanması zamanı yaranan qəpiklər) tez-tez vətəndaşların kredit tarixçəsini zədələyir. Bankların tətbiqlərində “sıfır balans” görünməsinə baxmayaraq, arxa planda qalan qəpiklərin gecikmə kimi kredit bürosuna ötürülməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.