“Kapital bank” ilə maaş alanlar niyə kartda pul saxlamır? –"Başqa bankların kartlarından istifadə edirik"

Kapital Bank
Kapital Bank

Son aylarda bank kartlarından oğurluq halları geniş vüsət alıb. AzPost bildirir ki, Daxili İşlər Nazirliyi hər gün vətəndaş müraciətləri əsasında oğurlanmış pulların miqdarını açıqlayır.

Artıq insanlarda bank kartlarına etibar azalır. Xüsusilə “Kapital bank”ın kartlarından oğurluq halları ilk sıradadır. Əldə etdiyimiz məlumata görə əmək haqqını “Kapital bank” kartı vasitəsilə alan müəllimlər, həkimlər və digər büdcədən maliyyələşən təşkilatların əməkdaşları kartda pul saxlamır.

Belə ki, maaş köçən kimi pul nağdlaşdırırlır və online ödənişlər üçün isə hissə-hissə digər bankların kartlarından istifadə olunur.

Bu barədə saytımıza danışan vətəndaşlardan biri bildirib ki, iş yoldaşlarının son aylarda vəsaitləri mənimsənilib. “Maaşlarımızı “Kapital bank” vasitəsilə alırıq. Bu cür hallar baş verdikdən sonra artıq mən və iş yoldaşlarım kartda pul saxlamırıq. Maaş köçən kimi pulu çıxarırıq. Online ödənişlər üçün isə başqa bir bankın kartını almışam. Ora da lazım olan miqdarda pul qoyub istifadə edirəm.”

Ekspertlər hesab edir ki, vətəndaşların kütləvi şəkildə bankdan pulu geri çəkməsi və nağdlaşdırması bazarda balansın pozulmasına gətirib çıxara bilər.

Bu isə bank üçün külli miqdarda ziyan deməkdir. Tövsiyə olunur ki, bank itirilmiş vəsaitlər yerinə texniki imkanlarını möhkəmləndirməyə pul xərcləsə daha uğurlu olar.

Qeyd edək ki, dövlət müəssisələrində çalışanların böyük bir qismi maaşlarını məhz “Kapital bank” vasitəsilə alır. Bu cür problemlər artdıqca büdcə təşkilatları qeyd olunan bankın xidmətlərindən imtina edə bilər.

Ümumiyyətlə dələduzluq halları çoxaldıqca vətəndaşlar qeyri-rəsmi olaraq banklardan imtina edə və pulunu “balış altında” saxlaya bilərlər.

Pulunu dərhal nağdlaşdıran müştəri onsuz da qeyri-rəsmi “itirilmiş” hesab olunur. Çünki bank məhz hesabda olan pullara görə dövriyyəsini həyata keçirə bilir. Pullar hesablardan kütləvi şəkildə çəkildiyi təqdirdə isə bankın maliyyə aktivləri ciddi şəkildə azalır.

İqtisadiyyat nazirliyi əhaliyə müraciət edərək pulları nağd şəkildə saxlamamağı tövsiyə edir. Həmçinin yeni qəbul olunmuş bəzi qaydalar artıq nağdsız hesablaşmaların artırılmasına xidmət göstərir. Lakin bir tərəfdən nağdsız ödənişlərin artırılması məqsədilə tədbirlər həyata keçirilsə də, digər tərəfdən bankların təhlükəsizlik qaydalarına riayət etməməsi bu prosesi zəiflədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.