Sahibkarların bank seçərkən diqqətli olması bir daha aktuallaşıb. AzPost xəbər verir ki, sahibkar Ülvi Əzizov Kapital Bank tərəfindən ona məxsus smart kassa və POS terminalının xəbərsiz və razılıq alınmadan ləğv edildiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, ona məxsus VÖEN-lərdən birinin hesabı Kapital Bank-da açılıb və bankdan həm kassa, həm də POS funksiyasını yerinə yetirən smart cihaz sifariş olunub. Lakin bank heç bir rəsmi izahat və yazılı xəbərdarlıq etmədən cihazın ləğv edildiyini bildirib və geri götürüləcəyini qeyd edib.
Bank nümayəndələri bunun səbəbi kimi ödəniş dövriyyəsinin onların gözləntilərinə uyğun olmamasını göstəriblər. Sahibkar isə bildirir ki, yeni açılmış obyekt üçün satışların ilkin mərhələdə az olması tamamilə normaldır və bu, kassanın ləğvi üçün əsas ola bilməz.
Ülvi Əzizovun narahatlığı xüsusilə vergi məsələləri ilə bağlıdır. Onun sözlərinə görə, sabah hər hansı vergi yoxlaması baş verərsə, “kassa niyə işləmir?” sualına cavab vermək mümkünsüz olacaq. Müştərinin kassa çeki tələb etdiyi halda isə sahibkar faktiki olaraq çıxılmaz vəziyyətdə qalır.
Şikayətçi vurğulayır ki, qanunvericilik kassanın işlək olmasını tələb edir və o da fəaliyyətini tam qanuni şəkildə qurmaq niyyətindədir. Lakin bankın bu addımı sahibkarın qanuna uyğun işləməsinə faktiki olaraq maneə yaradır.
Daha bir ciddi iddia isə bank əməkdaşının telefon danışığı zamanı kobud davranması və məhkəmə ilə hədələməsidir. Sahibkar hesab edir ki, onun razılığı olmadan kassanın ləğv edilməsi hüquqi baxımdan ciddi suallar doğurur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.