“Karantin rejimi yüngülləşdirilməli, rayonlara gediş-gəliş açılmalıdır!” –

Deputat Musa Quliyev
27 Avqust 2020 - 12:45


“Karantin bir sıra problemlər ortaya çıxarıb”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a deyib. Komitə sədri bildirib ki, sosial məsafə və qapalı məkanlarda tibbi maska taxılmasına ciddi əməl etməklə karantin rejimi yüngülləşdirilməlidir: “6 aydan çoxdur ki, bütün dünya ölkələri COVID-19 səbəbindən ciddi karantin rejimində yaşayır. Təbii ki, karantin rejiminin uzadılması sosial, iqtisadi və psixoloji problemlər də ortaya çıxarıb”.

Musa Quliyev rayonlara gediş-gəlişin də açılmasını istəyir: “Hansı bölgələrdə yoluxma daha çox olarsa, həmin bölgələrdə karantin rejimini tətbiq etmək olar. Eləcə də, rayonlara gediş-gəlişi sərbəstləşdirmək lazımdır. Xarici ölkələrə uçuşların bərpası məsələsini isə iki ölkə arasında danışıqlara əsasən həll etmək olar. Hesab edirəm ki, həyat yavaş-yavaş əvvəlki ritminə qayıtmalıdır. Nəzərə alsaq ki, koronavirusun vaksini tam ortaya çıxmayıb, deməli, ehtiyatlı davranmalıyıq.  Hələ bilmirik ki, vaksinin tətbiqindən sonra virus özünü necə aparacaq… Hesab edirəm ki, ömür boyu izolyasiyada yaşamaq da çətindir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji gərginliklər yarada bilər. Təbii ki, düzgün qərarı Operativ Qərargah verəcək. Operativ Qərargah həm dünyada gedən prosesləri nəzərə almalıdır, həm də Azərbaycandakı epidemioloji vəziyyət ciddi analiz edərək karantin rejiminin yumşaldılması, yaxud da, formasının dəyişdirilməsi barədə öz fikirlərini söyləməlidir”.