Keçmiş Almaniya kansleri Gerhard Şröderin bank hesabı bloklanıb. AzPost xəbər verir ki, bu barədə məlumat Almaniyanın “Bild” nəşrində dərc olunub.
Məlumata görə, Sparkasse Hannover bankı Şröderin hesabına Nord Stream 2 AG şirkətindən maliyyə köçürmələri səbəbilə bir il əvvəl blok qoyub. Bank bu addımı ABŞ sanksiyalarına məruz qalmaq ehtimalı ilə izah edib və keçmiş kanslerə rəsmi məktub göndərib.
Qeyd olunur ki, Şröderin adı heç bir beynəlxalq sanksiya siyahısında yer almır. Lakin bank ehtiyat tədbiri olaraq vəsaitin qəbulunu dayandırıb və köçürmələri göndərən tərəfə geri qaytarıb.
Hadisənin 2024-cü ilin iyun ayında, Hannoverin yeni rəhbəri – Yaşıllar Partiyasının üzvü Belit Onayın andiçməsindən az sonra baş verdiyi bildirilir.
Bild qəzetinin məlumatına əsasən, sözügedən ödənişlər Şröderin qaz kəməri layihəsindəki fəaliyyəti ilə əlaqəlidir və bu, siyasi dairələrdə narahatlıq doğurub.
Şröderin yaxın çevrəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Hadisə Almaniyada siyasət və biznes əlaqələrinin sanksiyalar fonunda necə dəyişdiyini göstərən nümunə kimi qiymətləndirilir.