“Kimin yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir” –Prezidentdən sərt tənqid

“Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır”.

Bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı bildirib:

“Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar.

Mənə verilən məlumata görə, bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır. Birincisi, bu qoşulmalar qanunsuzdur və buna yol vermək olmaz. İkincisi, mənə gələn məlumata görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər sudan istifadə edilir, ancaq digər təsərrüfatlara su çatmır. Ona görə burada da çox işlək nəzarət mexanizmi olmalıdır, həm viziual, həm elektron nəzarət mexanizmi. İndi xüsusi cihazlar var ki, onlar, misal üçün, borularda təzyiqin aşağı düşməsi nəticəsində dərhal siqnal verir. Ona görə burada da ən müasir sistemlər tətbiq edilməlidir ki, bu məsələ elektronlaşdırılsın və vahid informasiya portalında, informasiya sistemində öz əksini tapsın. Onda siz görəcəksiniz, əgər hansısa hissədə təzyiq aşağı düşübsə, deməli, orada qanunsuz qoşulmalar var. Buna qətiyyən yol vermək olmaz.

Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir ki, burada bu xaosa son qoyulsun. Ən dəhşətlisi odur ki, heç kim buna məsuliyyət daşımır. Qanunsuz qoşulmalara qarşı heç bir cəza mexanizmi, yaxud da ki, nəzarət mexanizmi yoxdur. Çünki bütün qurumlar hesab edir ki, bu, onun işi deyil. İndi əgər komissiya işləməsəydi, bu komissiyanı mən yaratmasaydım və bunu üzə çıxarmasaydım, belə də davam edəcəkdi. Ona görə mütləq bu məsələ tezliklə öz həllini tapmalıdır.

İtkilərlə bağlı. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevdən Kəmalləddin Heydərova irad:

Sonrakı məqalə

“Bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır-