“Kiyev Donbasda Qarabağ ssenarisini təkrar etmək istəyir…” –

Ukrayna ordusu separatçılara qarşı hücuma hazırlaşır
11 Mart 2021 - 23:20

Ukrayna ordusunun Donbas separatçılarına hücuma hazırlaşdığı barədə xəbərlər səngimir.

Azpost.info haqqın.az-a istinadən xəbər verir ki, Ukrayna ordusunun təmas xəttinə çoxlu sayda hərbi qüvvə və texnika cəmləşdirdiyinə dair sosial şəbəkələrdə son günlər görüntülər yayılmaqdadır. Donetsk və Luqansk separatçıları Ukrayna ordusunun Azərbaycan ordusunun Qarabağda tətbiq etdiyi döyüş taktikasından istifadə edərək sürətli hücum əməliyyatlarına hazırlaşdığını deyirlər.

Rusiyada da bu xəbərlərdən narahatdırlar və Ukrayna ordusunun hücumunu gözləməkdədirlər. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, Moskva qabaqlayıcı addımlar atmalıdır.

“Ukrayna qoşunlarının Donbasa hücumu zamanı situasiya çox sürətlə inkişaf edə bilər. Ola bilsin Kiyev Dağlıq Qarabağ ssenarisini təkrar etmək istəyir. Əgər tammiqyaslı hərbi qarşıdurma başlasa döyüş əməliyyatlarını dayandırmaq çətin olacaq. Qoşunlar hər tərəfdən hücum edəcək. İş o yerə gəlib çata bilər ki, Rostov sərhədlərində Amerika hərbçiləri də peyda ola bilər”,-o deyib.

Dövlət Dumasının üzvü bildirib ki, belə vəziyyətdə Donetsk və Luqansk qabaqlayıcı addım ataraq hücuma keçməlidir. Rusiya isə bu “respublikaları” tanımalıdır. “Mənə aydın deyil ki, Rusiya nəyə görə bu respublikaları rəsmən tanımır. Bir çoxları deyir ki, bu halda Rusiyaya pis yanaşacaqlar. Onsuz da indi beynəlxalq arenada situasiya Rusiya üçün yaxşı deyil”,-A.Şerin bildirib.