Klub prezidenti azyaşlı futbolçuların enerji içkisi içdikləri foto danışıdı –

"Anlaşılmazlıq olub, içkiləri valideynlər gətirib" (FOTO)
07 May 2021 - 14:06

“Xocalı” Futbol Klubu azyaşlı futbolçulara enerji içkilərinin verilməsi məsələsinə aydınlıq gətirib. 

Bununla bağlı klubun prezidenti İlkin Hacıyev açıqlama verib.

“Xocalı” Futbol Klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir. Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və futbolçularımıza da elə içkilər məsləhət bilməmişik. Kiçik anlaşılmazlıq olub. Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən bunun nöqsan olduğu nəzərilərinə çatdırılıb və post dərhal silinib”, – deyə İ.Hacıyev qeyd edib.

Qeyd edək ki,  “Xocalı” Futbol Klubunun “Facebook” səhifəsində  qoyulmuş “Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlığı ilə fotoda azyaşlı oyunçuların enerji içkisi ilə qidalandığı görünür. Bu isə azyaşlıların orqanizmi üçün zərərli hesab edilir.

Onu da bildirək ki, artıq həmin şəkli klub öz səhifəsindən silib.

Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.

Xatırladaq ki, “Xocalı” Futbol Klubu Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərir. Klub yalnız aşağı yaş qruplarından ibarət komandalarla təmsil olunur.