Qış aylarında kök bir çox ailənin gündəlik qida rasionunda xüsusi yer tutur. Salatlara doğranır, şorbalara əlavə edilir və faydalı olduğu düşünülür. AzPost Sports.kz saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, kökün gözlənilən faydanı verməməsinin səbəbi məhsulun özü yox, onun orqanizmdə necə mənimsənilməsidir.
Mütəxəssis bildirir ki, kök birbaşa A vitamini deyil, onun sələfi olan beta-karotin mənbəyidir. Beta-karotinin aktiv A vitamininə çevrilməsi üçün bağırsaqların sağlam işləməsi və öd ifrazının normal olması vacibdir. Əgər həzm sistemi zəifdirsə və ya bağırsaq tarazlığı pozulubsa, bu maddə lazımi şəkildə mənimsənilmir.
Qeyd olunur ki, kök təkbaşına yeyildikdə faydası azalır. Onu bitki yağı, qoz-fındıq və ya avokado kimi sağlam yağlarla birlikdə qəbul etmək daha məqsədəuyğundur. Bu zaman beta-karotinin sorulması artır və A vitamininə çevrilmə prosesi daha səmərəli olur.
Cəmiyyətdə kökün görmə qabiliyyətini artırdığı barədə geniş yayılmış fikir də tam doğru sayılmır. A vitamini yalnız çatışmazlıq olduqda göz sağlamlığına müsbət təsir göstərir. Əgər orqanizmdə bu vitamin kifayət qədərdirsə, əlavə kök yeməyin görməni yaxşılaşdırması gözlənilmir.
Mütəxəssislər vurğulayırlar ki, kökdən maksimum fayda almaq üçün düzgün qidalanma, sağlam yağların qəbulu və bağırsaq sağlamlığı əsas şərtlərdir. Əks halda, kök sadəcə süfrədə rəngli tərəvəz olaraq qalır və orqanizmə gözlənilən töhfəni vermir.