Venesuela prezidenti Nikolas Maduro ilə bağlı məhkəmə araşdırması ABŞ-da deyil, onun öz ölkəsində aparılmalıdır. Bu barədə Kolumbiya prezidenti Qustavo Petro Boqotada keçirilən ictimai tədbirdə çıxışı zamanı bəyan edib. AzPost xəbər verir ki, məlumatı Kolumbiya prezident administrasiyası yayıb.
Kolumbiya lideri bildirib ki, Maduro faktiki olaraq oğurlanıb və onun işi yalnız Venesuela məhkəmələri tərəfindən araşdırılmalıdır. Petronun sözlərinə görə, bu məsələdə ABŞ məhkəmə yurisdiksiyasının müdaxiləsi yolverilməzdir.
Qustavo Petro Venesuelaya qarşı istənilən xarici hərbi müdaxiləyə də qəti şəkildə qarşı çıxdığını vurğulayıb. O qeyd edib ki, Karakasa zərbələr endirilməsi və ya digər güc ssenariləri Latın Amerikasının tarixi və sivilizasiya irsinə ziddir. Prezidentin fikrincə, burada söhbət ayrı-ayrı siyasətçilərdən deyil, Bolivarın və azadlıq ideyasının vətəni adlandırdığı bir ölkənin taleyindən gedir.
Çıxışı zamanı Kolumbiya prezidenti bir daha xalqlara qarşı soyqırımları dəstəkləmədiyini vurğulayıb və bu cür əməlləri haqq qazandıranları cinayətin şərikləri hesab etdiyini bildirib. Onun sözlərinə görə, məhz bu mövqe ABŞ prezidenti Donald Trampla gələcək təmasların əsasını təşkil edəcək.
Petro həmçinin ABŞ tərəfi ilə insan ləyaqətinə və sivilizasiyaların müxtəlifliyinə hörmətə əsaslanan “həyat naminə pakt” imzalamağa ümid etdiyini qeyd edib. O, fevralın 3-də Vaşinqtonda Donald Trampla planlaşdırılan görüşü təkcə özü üçün deyil, bütövlükdə bəşəriyyətin gələcəyi baxımından həlledici görüş kimi xarakterizə edib.