Son 30 il ərzində Gürcüstan və Azərbaycan arasında nümunəvi əməkdaşlıq formalaşıb.
Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ABŞ-da keçirilən Suveren Millətlər Alyansının konfransında panel müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan energetikanın siyasi alət kimi istifadə olunmasının ilk qurbanlarından biri olub. Samxaradze qeyd edib ki, bu hadisə ötən əsrin 90-cı illərində Rusiya ilə münaqişə zamanı baş verib və Moskva enerji resurslarından Gürcüstana qarşı təzyiq vasitəsi kimi istifadə edərək ölkənin enerji təchizatını demək olar ki, dayandırıb.
Komitə sədri bildirib ki, həmin dövrdə Azərbaycanla əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edib.
“Xoşbəxtlikdən bizim Azərbaycan kimi çox yaxşı qonşumuz var. 90-cı illərin sonlarında Gürcüstan və Azərbaycan prezidentləri qüvvələrini birləşdirməyə qərar verdilər. Çünki Azərbaycan Xəzər dənizində neft hasilatına başlamışdı və bu neftin Rusiyadan yan keçən alternativ marşrutlarla ixracına ehtiyac yaranmışdı”, – deyə Samxaradze vurğulayıb.
O əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda prinsiplərinə əsaslanır.
“Biz Azərbaycandan asılı olduğumuzu deyə bilmərik, çünki Azərbaycan heç vaxt energetikanı Gürcüstana qarşı silah kimi istifadə etməyib. Əksinə, biz qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Neft kəməri Xəzər dənizindən başlayır, qaz kəməri Türkiyəyə gedir, üçüncü boru kəməri isə Azərbaycandan Gürcüstan vasitəsilə Qara dəniz sahillərinə qədər uzanır”, – deyə komitə sədri əlavə edib.