Kontakt Home mağazalar şəbəkəsinin İnşaatçılar filialında müştəriyə göstərilən xidmətlə bağlı ciddi narazılıq yaranıb. AzPost-a daxil olan məlumata görə, müştəri mağazaya noutbuku üçün Windows 11 Pro əməliyyat sisteminin quraşdırılması məqsədilə müraciət edib və cihazın ofis şəraitində, şirkət daxilində istifadə olunacağını əvvəlcədən bildirib.
Mağaza əməkdaşı Pro versiyanın stokda olmadığını əsas gətirərək müştəriyə Windows 11 Home versiyasını təklif edib. Müştərinin versiyalar arasındakı fərqlərlə bağlı sualına cavab olaraq, əməkdaş “demək olar ki, fərq yoxdur” deyə yanlış məlumat verib və sistemin ofis istifadəsi üçün uyğun olduğunu bildirib. Nəticədə müştəri bu məlumata inanaraq 300 AZN ödəyib.
Əməliyyat sistemi quraşdırıldıqdan sonra müştəri sistemin düzgün işləmədiyini görərək yenidən mağazaya müraciət edib. Bu dəfə əməkdaşlar drayverlərin tam yazılmadığını bildirərək, crack olunmuş Driver Booster proqramı vasitəsilə drayverləri quraşdırıblar. Müştəri bu proses zamanı təxminən iki saat vaxt itirib.
Lakin problem bununla da bitməyib. Noutbuk təhvil verildikdən sonra məlum olub ki, Windows 11 Home versiyası şirkət şəbəkəsinə və domenə qoşulma imkanlarını dəstəkləmir. Bu funksiyalar yalnız Pro versiyada mövcuddur. Müştəri üçüncü dəfə mağazaya müraciət etdikdə isə mağaza meneceri dəyişiklik və ya ödənişin geri qaytarılmasının mümkün olmadığını bildirib.
Məsələ ilə bağlı İT mütəxəssisi Emil Əliyev də prosesə cəlb olunub. Onun sözlərinə görə, vəziyyəti mağaza rəhbərliyinə izah etdikdən sonra münasibət dəyişib və bildirilib ki, məsələ artıq baş ofisə yönləndirilib, həm sistemin dəyişdirilməsi, həm də satışın ləğvi mümkündür. Eyni zamanda, mağazada Windows 11 Pro versiyasının qiymətinin 450 AZN olduğu da bildirilib ki, bu da real bazar qiymətləri ilə ciddi uyğunsuzluq yaradır.
Məsələ ilə bağlı müvafiq dövlət qurumlarına, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilməsi gündəmdədir. Müştəri isə yanlış məlumatlandırma və qeyri-peşəkar xidmət səbəbindən noutbukdan istifadə edə bilmədiyini bildirir.