“Koronavirusa qarşı peyvəndləmə bu həftə başlaya bilər” –

Ərdoğan
11 Yanvar 2021 - 23:47

Təhlükəsizlik və sabitlik mühitini gücləndirərək itkilərimizi kompensasiya edə bilən daha böyük yüksəlişə hazırlaşırıq.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib.

Türkiyənin daxili siyasəti, terrorçuluqla mübarizənin vəziyyəti, strateji inkişaf hədəfləri barədə müfəssəl məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, energetika, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələr üzrə dinamizmi qorumaq üçün kompleks tədbirlər həyata keçirilir. O cümlədən, quraqlıq problemlərini aradan qaldırmaq diqqət mərkəzində olan mühüm məsələlərdəndir.

Müraciətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mübarizə tədbirlərinə, eləcə də tətbiq olunan məhdudiyyətlərə geniş yer ayıran Türkiyə dövlət başçısı bildirib ki, maska taxmaq, sosial məsafəni gözləmək və təmizlik qaydalarına əməl etmək dəyişməz tələblərdir. Mövcud sərt məhdudiyyət tədbirləri isə vəziyyət normallaşanda tədricən və mərhələli şəkildə yumuşaldılacaq. İnfeksiyaya qarşı peyvəndləmə isə yanvarın 14-də, ya da 15-də başlaya bilər.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin Türkiyəyə gətirilən ilk partiyası ölkə laboratoriyalarında yoxlamadan keçirilib.