ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirməsi planlaşdırılır. Sammitin təşkili ilə bağlı planı Ağ Ev açıqlayıb.
Bu barədə “Radio Free Europe/Radio Liberty” məlumat yayıb.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməlidir. Planlar reallaşarsa, üç liderin danışıqları qarşıdakı həftənin əsas diplomatik hadisələrindən birinə çevriləcək.
Amerika tərəfinin məlumatına görə, danışıqların əsas mövzuları nüvə silahı arsenalının azaldılması və İran ətrafındakı vəziyyət olacaq. Vaşinqton dünyanın üç ən böyük nüvə dövlətinin iştirakı ilə silahlara nəzarət sahəsində mümkün razılaşmalar barədə dialoqa başlamağı planlaşdırır.
Bununla belə, ABŞ rəsmiləri ilk görüşün yekununda hər hansı razılaşmanın əldə olunacağını gözləmirlər.
Ukrayna məsələsinin üçtərəfli danışıqların gündəliyinə daxil edilməyəcəyi gözlənilir. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton münaqişənin nizamlanmasını Rusiya və Ukraynanın iştirakı ilə ayrıca diplomatik kanal vasitəsilə müzakirə edir. Buna görə də Çin tərəfinin həmin məsləhətləşmələrə cəlb edilməsi nəzərdə tutulmur.
Tramp ayrıca olaraq Si Cinpinlə ikitərəfli görüş keçirəcək və Çin lideri ilə işgüzar nahar edəcək.
Bundan sonra ABŞ Prezidenti Çinə səfərini Putinin və Si Cinpinin də iştirak edəcəyi üçtərəfli sammitlə başa vuracaq.
