Koronavirusa yoluxan Baş nazir vəfat etdi

14 Dekabr 2020 - 17:12

Afrikanın cənubunda yerləşən Esvatini Krallığının (2018-ci ilədək Svazilend Krallığı adlanıb) Baş naziri Mandvulo Dlamini Cənubi Afrika Respublikasındakı (CAR) xəstəxanada həyatını itirib. AZƏRTAC xəbər verir ki, 52 yaşlı hökumət başçısı COVID-19-dan müalicə olunurdu.

Həkimlərin söylədiyinə görə, mərhum Baş Nazir noyabrda yoluxduğu virusdan sonra ciddi müalicə almaqdan imtina etmişdi. Vəziyyətinin daha da ağırlaşdığı bir vaxtda isə onu qonşu CAR-dakı xəstəxanaya gətiriblər və burada həyatını itirib. Mandvulo hökumətə başçılıq etməzdən əvvəl 18 il ərzində Krallığın Mərkəzi Bankına rəhbərlik edib.

Ümumilikdə isə dekabrın 14-nə olan məlumatda Afrika qitəsində 2 milyon 400 min insanın COVID-19-a yoluxduğu, 56 mindən çox pasiyentin isə öldüyü bildirilir.