Korrupsiya barədə məlumat verənə 10 min mükafat veriləcək– Yeni qanun layihəsi

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı yeni hüquqi mexanizm yaradılır.

Bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Kimlərə şamil olunacaq?

Qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir. Sənəddə dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatlarında və digər təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və araşdırılması qaydaları müəyyənləşdirilir.

Layihə eyni zamanda belə məlumatları verən şəxslərin hüquqlarının müdafiəsi, onların həvəsləndirilməsi və təşkilatların bu sahədə vəzifələrini müəyyən edir.

Hər məlumat korrupsiya barədə məlumat sayılmayacaq

Layihəyə əsasən, şəxsi maraqları qorumaq, özü və ya digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumat vermək korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat hesab edilməyəcək.

Digər tərəfdən, korrupsiya faktı barədə məlumat verərkən peşə, kommersiya, istintaq və məhkəmə sirri, eləcə də şəxsi və ailə həyatına dair məlumatların təqdim edilməsi öz-özlüyündə həmin məlumatların qanunsuz açıqlanması kimi qiymətləndirilməyəcək.

Bu yanaşma korrupsiya barədə məlumat verən şəxslə bilərəkdən yalan məlumat yayan şəxs arasında hüquqi fərqin yaradılmasına imkan verəcək.

Məlumat verən şəxs rəsmi olaraq tanınacaq

Verilən məlumat qanun layihəsində nəzərdə tutulan tələblərə uyğun olduqda, onu qəbul edən subyekt məlumatı verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxs kimi tanınması barədə qərar qəbul edəcək.

Qərarın surəti dərhal həmin şəxsə poçt və ya elektron formada göndərilməlidir.

Əgər verilmiş məlumat əsasında cinayət işi başlanarsa, məlumatı verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.

Maraqlı məqam ondan ibarətdir ki, məlumat sonradan doğru çıxmasa belə, şəxs onu əhəmiyyətli yanılmanın təsiri altında veribsə, qanunla nəzərdə tutulan müdafiə tədbirlərindən istifadə edə biləcək.

Korrupsiya faktı təsdiqlənərsə, mükafat veriləcək

Layihənin ən diqqətçəkən müddəalarından biri korrupsiya barədə məlumat verən şəxslərin maddi həvəsləndirilməsidir.

Verilmiş məlumat öz təsdiqini taparsa, məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına maddi mükafat ödəniləcək. Büdcə təşkilatlarında isə bu ödəniş həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına həyata keçiriləcək.

Mükafat təşkilat rəhbərinin qərarı ilə veriləcək və korrupsiya faktının təsdiqlənməsi barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən etibarən 10 iş günü ərzində ödənilməlidir.

Burada mühüm şərt də var: mükafatın rəsmiləşdirilməsi və ödənilməsi zamanı məlumat verən şəxsin məxfiliyi qorunmalıdır. Bu prosesdə iştirak edən şəxslərin məlumat verən şəxslə bağlı onlara məlum olan məlumatları başqalarına açıqlamasına yol verilməyəcək.

Mükafat nə qədər olacaq?

Layihəyə əsasən, mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz.

Mükafatın konkret məbləği müəyyənləşdirilərkən bir neçə amil nəzərə alınacaq:

korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri;

müəyyən edilmiş faktların sayı;

verilmiş məlumatın korrupsiya faktının aşkar edilməsində əhəmiyyəti;

vurulmuş zərərin məbləği;

bərpa edilmiş aktivlərin məbləği.

Bu o deməkdir ki, mükafat avtomatik olaraq maksimum həddə müəyyən edilməyəcək. Məbləğ faktın ağırlığından və məlumatın korrupsiya hüquqpozmasının aşkar edilməsinə verdiyi töhfədən asılı olacaq.

Məlumat neçə gün ərzində araşdırılmalıdır?

Layihədə məlumatların araşdırılması üçün konkret müddət də müəyyən edilir.

Səlahiyyətli struktur bölmə və ya şəxs korrupsiya ilə bağlı məlumatı qəbul etdikdən dərhal sonra onu qeydiyyata almalı və məlumatın qeydə alınması barədə məlumat verən şəxsə bildiriş göndərməlidir.

Bundan sonra məlumat 20 iş günü ərzində araşdırılmalıdır.

Araşdırmanın nəticəsi də məlumat verən şəxsə poçt və ya elektron formada bildirilməlidir.

Əgər əlavə material və məlumatların əldə edilməsinə ehtiyac yaranarsa, təşkilat rəhbərinin araşdırma müddətini daha 10 iş günü uzatmaq hüququ olacaq. Bu barədə də məlumat verən şəxsə məlumat verilməlidir.

Məlumat verən şəxs özünü təhlükəsiz hiss edəcəkmi?

Yeni layihənin mahiyyəti yalnız korrupsiya faktlarının bildirilməsini təşviq etməkdən ibarət deyil. Burada digər mühüm məsələ məlumat verən şəxsin sonrakı mərhələdə müdafiə olunmasıdır.

Çünki korrupsiya barədə məlumat vermək bir çox hallarda həmin şəxsin çalışdığı təşkilat daxilində münasibətlərinə və peşə fəaliyyətinə təsir göstərə bilər. Buna görə də məxfiliyin qorunması, məlumat verən şəxsin hüquqi statusunun müəyyənləşdirilməsi və müdafiə mexanizmlərinin işlək olması qanunun praktik effektivliyi baxımından həlledici olacaq.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.