Kredit götürmək bir çox insan üçün çətin qərardır və bu prosesdə edilən səhvlər ciddi maliyyə problemlərinə səbəb ola bilər. AzPost xəbər verir ki, bank ekspertləri ən çox rast gəlinən beş əsas səhvi açıqlayıb.
Ən yayğın səhv kredit müqaviləsini oxumadan imzalamaqdır. Çoxları sənəddəki şərtlərə və əlavə xərclərə diqqət etmədən razılıq verir. Nəticədə gözlənilməz cərimə və faiz artımları ilə üzləşirlər.
İkinci səhv kredit məbləğini həddindən artıq götürməkdir. Bəzi şəxslər gəlirlərindən artıq borc götürərək, ay sonu ödənişləri ödəyə bilmirlər. Bu isə həm maliyyə sabitliyinə, həm də kredit tarixçəsinə zərər vurur.
Üçüncü yanlış qərar müxtəlif banklardan kredit götürməkdir. Çoxsaylı borc öhdəliyi insanın maliyyə yükünü artırır və kredit ödənişlərini vaxtında etmək çətinləşir. Hətta bu hal qara siyahıya düşməyə qədər gətirib çıxarır.
Dördüncü səhv kreditin faiz dərəcəsini araşdırmamaqdır. Bəzi banklar aşağı aylıq ödəniş göstərib, gizli komissiyalar və cərimələr tətbiq edir. Ekspertlər müqavilədən öncə faiz və əlavə xərcləri diqqətlə hesablamanı tövsiyə edir.
Beşinci problem kredit götürmək üçün səhv zaman seçməkdir. Məsələn, qeyri-sabit iqtisadi dövrlərdə və ya şəxsi gəlirin zəiflədiyi vaxtlarda borclanmaq daha təhlükəlidir. Mütəxəssislər yalnız stabil dövrdə və gəlirə uyğun borc götürməyi məsləhət görür.