Kreml Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsinə münasibət bildirib

19 Oktyabr 2021 - 15:10

“Rusiya BMT Nizamnaməsinə sadiqliyini qoruyub saxlayır”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünyanın taleyini İkinci Dünya müharibəsinin qalibləri həll etməməlidir” bəyanatına münasibət bildirərkən deyib.

“Bu məsələ beşlik ölkələrinin konsensusundan asılıdır. Bilirsiniz ki, bəşəriyyət qarşısında duran bütün çağırışların müzakirəsi üçün Prezident Putin beşliyin çağırılması təşəbbüsü ilə çıxış edib. O ki qaldı Rusiyaya, ölkəmiz BMT-nin, qurumun Təhlükəsizlik Şurasının sadiq üzvü olaraq qalır və hər şeyin yazıldığı BMT Nizamnaməsinə bağlılığını və sadiqliyini qoruyub saxlayır”, – Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Ərdoğan Anqolaya səfəri zamanı “Bəşəriyyətin taleyi İkinci Dünya müharibəsinin “bir ovuc” qalib ölkəsinin ümidinə buraxılmamalıdır” bəyanatı ilə çıxış edib. Türkiyə lideri “Dünyanın beşdən böyük” olduğunu qeyd edib.(APA)