Kriştianu Ronaldo 1000-ci oyunu keçirib-

725-ci qolunu vurub
23 Fevral 2020 - 01:06

İtaliya A seriyasının XXV turunda “Spal”la səfər oyunu “Yuventus”un hücumçusu Kriştianu Ronaldonun yubileyi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz peşəkar karyerası ərzində 1000-ci oyununa çıxıb.

2002-ci ildən bəri “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” və Portuqaliya millisinin formasını geyinən 35 yaşlı futbolçu 1000-ci qarşılaşmasını qolla qeyd edib. “Spal”ın qapısından ilk topu keçirən Ronaldo karyerasında 725-ci qolunu vurub.

Bundan başqa, A seriyasında ardıcıl 11-ci matçda fərqlənən Ronaldo İtaliya çempionatında bu göstəriciyə imza atan üçüncü oyunçu olub. Ona qədər Qabriel Batistuta (“Fiorentina” – 1994-95) və Fabio Kvalyarella (“Sampdoriya” – 2018-19) ardıcıl 11 görüşdə qol vurub.

Kriştianu, eyni zamanda İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu ünvanına sahib Rui Koştaya çatıb. “Milan” və “Fiorentina”nın heyətində 339 görüşdə 52 dəfə fərqlənən Koştaya çatmaq üçün CR7-yə 52 matç kifayət edib.

Qeyd edək ki, “Yuventus”un “Spal” üzərində 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada fərqlənən Ronaldo A seriyasında cari mövsümdəki qollarının sayını 21-ə yüksəldib.