ABŞ prezidenti Donald Tramp Kubada mövcud hakimiyyətin ciddi çətinliklər yaşadığını və ölkənin siyasi baxımdan çökməyə yaxın olduğunu bildirib.
AzPost xəbər verir ki, Tramp bu fikirləri Florida ştatından Vaşinqtona uçarkən jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Kubanın əsas gəlir mənbələri demək olar ki, tükənib və bu vəziyyət hakimiyyətin ayaqda qalmasını çətinləşdirir.
Tramp qeyd edib ki, Kuba uzun müddət Venesuela neftindən əldə olunan gəlirlər hesabına dolanıb. Hazırda isə bu mənbənin faktiki olaraq kəsildiyini vurğulayıb. ABŞ prezidenti “Kuba elə görünür ki, sadəcə yıxılacaq” deyə bildirib.
O, ölkənin bu iqtisadi vəziyyətdən necə çıxacağının sual altında olduğunu da əlavə edib. Tramp mümkün hərbi addımlarla bağlı suala cavabında isə ABŞ-ın buna ehtiyac görmədiyini deyib.
Onun fikrincə, mövcud şərtlər Kubada hakimiyyətin öz-özünə zəifləməsinə gətirib çıxaracaq.