“Kütləvi iğtişaşlara çağıran jurnalistlər ölkədən qovulmalıdır” –

Lukaşenko hədələdi
24 İyul 2020 - 11:50

Dövlətin BelTA agentliyinin bildirdiyinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 23-də keçirilən iclasda deyib ki, onun fikrincə, “kütləvi iğtişaşlara çağıran” jurnalistlər ölkədən qovulmalıdır.

“Biz bu ölkənin sahibləriyik. Vəzifənizi yerinə yetirin. Hökumət də, Xarici İşlər Nazirliyi də, hamı oturub prezidentin əmrini gözləyir. Ölkəyə qarşı bu nə münasibətdir? BBC, Azadlıq Radiosu, Svobodnaya Avropa və sair. Onlar iğtişaşlara çağırır. Niyə görə buna dözürsünüz? Axı siz onları burada akkreditə etdiniz.”

Lukaşenko seçki kampaniyasının bitməsini gözləməməyi və tədbirlər görülməsini tələb edib. “Qanunlarımıza riayət etmədikləri və insanları Maydana çağırdıqları təqdirdə ölkədən qovun” – deyə, o bildirib.

Belarus prezidenti “bu çətin seçki dövrünə baxmayaraq, bunu bir daha təkrar etməyəcəyəm. Belə olmaz, təhqir ardınca təhqir. Onların məni başdan ayağa qədər təhqir etmələri yetmədi, seçki məntəqələrinin sədrlərinə də keçdilər. Onların ailələri, uşaqları var” deyib.

“Azad Avropa/AzadlıqRadiosu Belarus prezidenti Aleksandr Lukaşenkonun guya biz iğtişaşlara çağırırıq kimi çirkin ittihamlarını rədd edirik. Əksinə, son zamanlar yalnız öz işlərini yerinə yetirdikləri üçün ədalətsiz həbslərin və polis zorakılığının qurbanı olan jurnalistlərimizdir” – deyə, Azad Avropa/Azadlıq Radiosunun prezidenti Daisy Sindelar bildirib.

“Bu ittihamlarla Lukaşenko avqustun 9-u keçiriləcək prezident seçkilərini işıqlandırdıqları üçün Belarusiyadakı müstəqil medianı pis şəkildə göstərməyə və təhrif etməyə çalışır. Belarus xalqı üçün vacib olan işlərimizi davam etdirmək və jurnalistlərimiz üçün təhlükə yaradan axmaq ritorika və təhdidlərdən istifadə edən məmurları qınamaq niyyətindəyik” – deyə, əlavə edib.