Lənkəran Dövlət Universitetində Xocalı soyqırımı anılıb –

FOTO  
26 Fevral 2020 - 16:47

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri  olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

LDU-nun mətbuat xidmətindən Azpost.info-ya verilən məlumata görə, bu gün universitetdə bütün fakültələrdə ilk dərslər  Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərini əks etdirən  kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.

Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti Lənkəran  şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış  abidə   kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq   önünə təzə-tər qərənfillər düzüblər.

Anım mərasimi  “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı  tədbirlə davam etdirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Professor Natiq İbrahimov 28 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb,  qətlyam törədənlərin  hələ də layiqli cəzalarını almadığını, intiqam gününün  isə uzaqda olmadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır” fikrini dəstəkləyən  universitet  rəsmisi  erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən  lazımi nəticə çıxarmağa, mərd, mübariz olmağa  çağırıb.Professor N.İbrahimov həm də  bu gün dünyanın  onlarla ölkəsində Xocalı faciəsinin soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi kimi dəyərləndirib.

Universitetin Tarix və onun tədrisi kafedrasının  dosenti  Rakif İbadov “Xocalı faciəsi XX əsrin ən böyük qətlyamıdır” mövzusundakı  məruzəsində faciəni doğuran səbəbləri həmin dövrdə dünyada və Azərbaycanda baş verən ictimai-siyasi hadisələr fonunda ətraflı təhlil edib,onun ağır nəticələrindən danışıb.Azərbaycan xalqına qarşı törədilən bu vandalizm aktını soyqırım adlandıran məruzəçi dünya siyasi güclərinin ikili siyasət yeritdiyini deyərək faciəni törədənlərin hələ də cəzalandırılmadığını pisləyib.İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanov, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev çıxışlarında 28 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

Anım tədbirləri  Xocalı qətlyamına həsr olunmuş  videofilmin nümayişi ilə yekunlaşıb.