Böyük Britaniyada “Lamborghini Huracan” markalı lüks avtomobilin əlillər üçün nəzərdə tutulmuş park yerində saxlanması sosial şəbəkələrdə geniş narazılığa səbəb olub. AzPost xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülər “Reddit” platformasında sürətlə yayılıb və ciddi müzakirələrə səbəb olub.
İnternet istifadəçiləri sürücünü məsuliyyətsizlikdə və etik normalara hörmətsizlikdə ittiham ediblər. Sosial şəbəkələrdə “Əlil yerini zəbt etmək üçün varlı olmaq kifayətdir?”, “Bu qədər eqoistlik olarmı?”, “Lambo sürücüsü təyinat yerinə piyada gedə bilməzmiş?” kimi sərt şərhlər paylaşılıb.
Lüks avtomobilin görüntüləri ətrafında formalaşan ictimai təzyiqdən sonra sürücü qeyri-adi şəkildə cavab verib. O, avtomobilinin qarşısında uzanaraq çəkdirdiyi fotonu paylaşıb. Fotoda onun bir ayağının protez olduğu və əlində əlillik statusunu təsdiqləyən sənəd tutduğu açıq şəkildə görünür.
Sürücü paylaşımına “Bütün pərəstişkarlarım üçün bir şəkil” qeydi əlavə edib. Bu addım sosial şəbəkə istifadəçilərinin bir çoxunu təəccübləndirib və bir qismi ictimai qınaq üçün üzr istəyib.
Bununla belə, bəzi istifadəçilər həmin şəxsin avtomobilin sahibi olub-olmadığını şübhə altına alıb. Fotodakı şəxsin hadisənin mərkəzindəki sürücü olduğunu təsdiq edən rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, “Lamborghini Huracan” avtomobilinin bazar dəyəri 210 min ABŞ dollarından başlayır.
