Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarında Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirə aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Lavrov bu gün Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıb.
Məlumatda bildirilir ki, Ararat Mirzoyanla müzakirə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub və Rusiyanın buna hər cür töhfə verməyə hazır olduğu qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Bayramov arasında söhbətin məzmunu barədə Rusiya diplomatik departamentindən bildirilib ki, bir sıra regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb:
“Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin əsas müddəalarının icra vəziyyətini, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsini nəzərdən keçiriblər”.