Leobank-dan Mərkəzi Banka şikayət edildi- SƏBƏB

Leobank-la bağlı sosial şəbəkələrdə yayılan paylaşım müzakirələrə səbəb olub. Bankın müştərisi Əhməd Ağamalıyev iddia edir ki, səhvən başqa şəxsin kartına köçürdüyü vəsait bank tərəfindən geri qaytarılmayıb və kredit borcuna silinib.

Onun sözlərinə görə, hadisə 6 yanvar 2026-cı il tarixində baş verib. Müştəri yanlışlıqla başqa şəxsə məxsus karta 20 manat vəsait göndərib və dərhal bankın dəstək xidməti ilə əlaqə saxlayıb. İddiaya əsasən, Leobank sözügedən məbləği alıcının mövcud kredit borcuna yönəldib.

Əhməd Ağamalıyev bildirir ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, hüquqi əsas olmadan əldə edilmiş vəsait geri qaytarılmalıdır. Müştərinin iddiasına görə isə bank onun vəsaitini qaytarmaq əvəzinə öz maraqları çərçivəsində istifadə edib.

Şikayətçi qeyd edir ki, bankın dəstək xidməti ilkin mərhələdə vəsaitin geri qaytarılması üçün alıcının razılığının kifayət edəcəyini bildirib. O, alıcının rəsmi razılığını və səs yazılarını təqdim etdiyini desə də, bank əməkdaşlarının sonradan “alıcı razı deyil” arqumentini irəli sürdüyünü iddia edir.

Müştərinin sözlərinə görə, daha sonra bank tərəfindən yeni şərt qoyulub. Bildirilib ki, vəsait yalnız alıcının balansını artıracağı halda geri qaytarıla bilər. Şikayətçi bu yanaşmanı “müştərini başqasının kredit borcunu ödəməyə məcbur etmək” kimi qiymətləndirir.

Paylaşımda həmçinin bankın alıcıya gün ərzində dəfələrlə zəng etdiyi, bunun isə psixoloji təzyiq xarakteri daşıdığı iddia olunur. Müştəri bu davranışı bank fəaliyyətindən kənar, kollektor üsullarına bənzədib.

Əhməd Ağamalıyev məsələ ilə bağlı artıq Mərkəzi Banka üç rəsmi şikayət etdiyini və müraciətlərin hazırda “icradadır” statusunda olduğunu bildirib. O, məsələnin hüquqi müstəvidə sonadək aparılacağını qeyd edib.

Azpost.az qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.