Linkedin yeni süni intellekt alətləri ilə iş axtaranlara daha uyğun vakansiyalar təklif edəcək.
Valyuta.az xəbər verir ki, “Linkedin” platforması yeni süni intellekt əsaslı funksiyalar təqdim edib. Bu alətlər istifadəçilərə sadə dildə yazdıqları ifadələrlə uyğun vakansiyaları tapmaq imkanı yaradır. Artıq açar sözlər və dəqiq vəzifə adları tələb olunmur.
Məlumata, görə, şirkətin karyera məhsulları üzrə rəhbəri Rohan Raciv bildirib ki, məsələn, “video oyunları sahəsində tərəfdaşlıq rolları” yazıldıqda, sistem hətta bu terminlər vakansiya mətnində olmasa belə müvafiq vakansiyaları təqdim edir.
Yeni “job match” funksiyası istifadəçinin profilini vakansiya ilə müqayisə edərək uyğunluq dərəcəsini göstərir və zəif tərəfləri vurğulayır. Məsələn, süni intellekt HTML kimi bacarıqları istifadəçi profilində qeyd olunmasa belə kontekstdən anlayır.
“Linkedin”in məlumatına görə, hazırda platformada 15 milyondan çox iş elanı var və hər dəqiqə 11 min istifadəçi iş müraciəti edir. Son araşdırmalara əsasən, HR komandaları gündə 3–5 saat ərzində müraciətləri incələyir, lakin onların yarıdan azı vakansiya tələblərinə cavab verir.
Bu yeniliklər “Linkedin”in 20 illik iş təcrübəsinə və böyük verilənlər bazasına əsaslanaraq AI texnologiyası ilə daha effektiv iş uyğunluğu təmin etməyi hədəfləyir.