Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Bu barədə Təhsil İnstitutunun lisey və gimnaziyalara qəbul qaydalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.
“Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu il ilk dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydaların belə ani dəyişməsi valideynlərin narazılığına səbəb olub.