Litvada NATO-nun “Griffin Lightning” adlı beynəlxalq hərbi təlimləri başlayıb.
Bu barədə Baltikyanı ölkənin ordu komandanlığının mətbuat xidməti məlumat yayıb.
“”Griffin Lightning” təlimlərində Almaniyanın 30-a yaxın hərbi helikopteri iştirak edəcək, onlar maksimum aşağı yüksəklikdə uçuşlar həyata keçirəcəklər”, – Litva ordu komandanlığının məlumatında bildirilir.
Qeyd edilir ki, kiçik “müharibə oyunlarında” TIGER döyüş helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır yükdaşıyan helikopterlər və EC135 yüngül çoxfunksiyalı helikopterlərdən istifadə olunacaq.
Helikopterlər manevrlər zamanı 150 metrədək yüksəklikdə uçuşlar həyata keçirəcəklər. Manevrlərin məqsədi NATO-nun müdafiə planları çərçivəsində potensial təhlükələrə reaksiyaların təlimidir. Təlim mayın 23-dək davam edəcək.