Litvanın Belarusiya ilə sərhədində yaranmış böhran ölkədə siyasi gərginliyi artırıb. AzPost xəbər verir ki, “Litva Liberallar İttifaqı” partiyasının sədri Viktoriya Çmilite-Nilssen hesab edir ki, sərhəddəki vəziyyət hökumətin istefasına qədər ciddi nəticələrə yol aça bilər.
O, hökumətin qeyri-peşəkarlığını açıq şəkildə tənqid edib və bildirib: “Bu hökumətin yarıtmazlığıdır və biz yalnız bunu görmürük, hətta dost olmayan rejimlər də müşahidə edir. Bu, bizim üçün rüsvayçı məğlubiyyətdir”.
Çmilite-Nilssen əlavə edib ki, hava balonları və yük maşınları ətrafında yaranmış problem hökumətin fəaliyyətində dönüş nöqtəsi ola və kabinetin istefasına səbəb ola bilər.
Böhranın başlanğıcı Litvanın 29 oktyabrda Belarus ilə sərhədi bir tərəfli qaydada bir ay müddətinə bağlaması ilə bağlıdır. Hökumət bu qərarı tütün məhsullarının hava vasitəsilə qaçaqmalçılığına qarşı mübarizə məqsədilə əsaslandırıb. Nəticədə Belarusa minə yaxın Litva nəqliyyat vasitəsi keçə bilməyib.