Los-Ancelesdə gərginlik səngimir- Tramp daha çox əsgər göndərir, etirazlar davam edir

Aksiya
Aksiya

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində son günlər etiraz aksiyaları və iğtişaşlar səngimək bilmir. AzPost xəbər verir ki, qanunsuz mühacirlərin saxlanmasına qarşı keçirilən kütləvi aksiyalardan sonra ABŞ prezidenti Donald Tramp şəhərə əlavə hərbi qüvvə göndərilməsi barədə qərar verib.

Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə vətəndaş müharibəsi istəmədiyini, lakin lazım gələrsə Los-Ancelesə daha çox əsgər göndərməkdə tərəddüd etməyəcəyini vurğulayıb. O, eyni zamanda Kaliforniya qubernatoru Gevin Nyusomu tənqid atəşinə tutaraq, onun vəziyyətə nəzarəti itirdiyini və hərəkətsiz qaldığını bildirib.

Qubernator Nyusom isə “X” sosial media hesabında açıqlama yayaraq, Trampın Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verdiyini təsdiqləyib. “Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə əlavə qüvvələr göndərəcək. Bu qərarın vəziyyəti daha da gərginləşdirəcəyindən narahatam”, – deyə Nyusom qeyd edib.

Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi də şəhərdəki vəziyyətə müdaxilə etmək üçün Dəniz Piyadaları Korpusunun 700-ə yaxın hərbçisini əraziyə göndərəcəyini açıqlayıb. ABŞ Şimal Komandanlığının yaydığı bəyanata görə, hərbçilər federal obyektlər və dövlət əmlakının qorunmasında iştirak edəcək.

Qeyd edək ki, dünən axşam baş tutan etirazlardan sonra şəhərdə nisbi sakitlik yaransa da, vəziyyətin yenidən gərginləşəcəyi ehtimal olunur. CNN-ə açıqlama verən Los-Anceles şəhər rəsmisi Hilda Solis vəziyyətin qismən stabilləşdiyini desə də, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.