Lotereyada 27 milyon dollar uddu, dilənçi kimi öldü –Bədxərcliyin acı hekayəti /FOTOLAR

Lotereyadan böyük pullar qazanıb bütün arzu və istəklərini gerçəkləşdirmək çoxlarının xəyalıdır. Yəqin elə buna görə də hər gün milyonlarla insan cekpot ümidi ilə bəxtini sınamağa davam edir.

Amma bu oyunda ən böyük uduşu qazananların aqibəti heç də həmişə ürəkaçan olmur. Dəbdəbəli və gözqamaşdıran həyat tərzinə qəfil keçid, böyük pulların xərclənməsi ilə bağlı yanlış hesablamalar bir çox lotereya qaliblərini “quru yerdə” qoyur.

Amerikalı David Li Edvards da belələrindəndir. O, xəyalını gerçəkləşdirib cekpot udsa da, son nəticədə ailəsini, evini və sağlamlığını itirməli olur. Hər şey ondan başlayır ki, 46 yaşlı Devid kommunal xərcləri ödəmək üçün dostundan borc götürür. Ödənişlərini edəndən sonra pulun qalanını pizzaya və iki lotereya biletinə xərcləyir. Şansı gətirən Devid Edvards lotereyadan 27 milyon dollar udur. Qalibiyyəti münasibətilə keçirdiyi mətbuat konfransında jurnalistlərə and-aman edir ki, əvvəlki nizamsız həyat tərzinə baxmayaraq, bu pulu ağılla xərcləyəcək.

Devid vədini elə ilk andan pozur. Pul hələ onun hesabına gəlməmiş Las-Veqasda əylənmək üçün 200 min dollar kredit götürür və onu cəmi beş günə bitirir. Pul onun hesabına köçürüldükdən sonra Devid onu ildırım sürəti ilə xərcləməyə başlayır: Floridada 1,6 milyon dollara tennis kortu və qolf meydançası olan nəhəng bir malikanə, 600 min dollara da başqa bir ev alır. Alınanlar siyahısına 1,9 milyon dollarlıq təyyarə, üç bahalı at, bir “Lamborghini Diablo” və bir “Dod” da daxil olur. Devidin o qədər avtomobili olur ki, qonşuları onun qarajını dayanacaqla müqayisə edirlər.

Qızı Tiffaninin qəyyumluğu üçün Devid keçmiş həyat yoldaşına 500 min dollar ödəyir. 11 yaşlı qızını heç nədən məhrum qoymayan Devid ona 35 minlik “Hummer” qolf avtomobili də alır. Şanslı qalib ilk üç ay ərzində 3 milyon dolları xərcləyib bitirir. Bir il sonra bu rəqəm 12 milyon dollara yüksəlir.

Tez-tez jurnalistləri dəbdəbəli evinə dəvət edən Devid həvəslə onlara var-dövlətini və bahalı əşyalarını nümayiş etdirir. Bu arada, narkotiklərdən də istifadə edən Devid bu pis vərdişinə görə hepatit tapır. Devid və keçmiş həyat yoldaşı Şonanın kokain və heroinə sərvət xərclədiyi deyilir. Amerikalı tez-tez dostlarına pulsuz “narkotik ziyafətləri” təşkil edir. Onların arasında yüksək dozada narkotik qəbul edib ölənlər də olur. Cütlük özü isə bahalı reabilitasiyalardan keçsə də, nəticə olmur.

Bədxərclik, narkotik alüdəçiliyi və xəstəlik Devidi sözün əsl mənasında çökdürür. O, pulsuz qalır, hətta çoxlu borcu da yaranır. Birinci arvadının ona yazığı gəlir və Devidi Floridadan Kentukkiyə aparır. Bir vaxtlar milyonların sahibi olan Devid burada bir xəstəxanada 58 vəfat edir. Qəfil sərvət sınağından çıxa bilməyən bu amerikalının acı hekayəsi beləcə də tamamlanır…

Azpost.info

Əvvəlki məqalə

Bayden Qəzzada döyüşləri dayandırmağa çağırıb

Sonrakı məqalə

“Paşinyan erməniləri başa salır ki, “Böyük Ermənistan” nağılı bitdi” –