“Lotu Quli”nin komandası üz-üzə qoyulur? –Rafət Əmirovun həbsi, Rusiyanın KİV-nin fəallığı və yeni plan

Azərbaycanlı “qanuni oğru” Rafət Əmirovun (Rafət Əli Bayramlı) Özbəkistanda saxlanılması “oğru dünyası”ndan yeni situasiya yaradıb.

Azpost.info xatırladır ki, Rafət Əmirov ABŞ və Rusiya tərəfindən İnterpol xətti ilə axtarışda olub. Əmirovun Rusiya güc strukturlarının hədəfinə gəlməsi kriminal dünyanın sakinlərindən olan Əli Babayevin qətli ilə əlaqədardır. O, 2010-cu ildə Moskvda öldürülüb. Bu olayda Rafət Əmirovun adı da hallnır. Hətta bəzi iddialara görə, onun oğru dünyasının ali tituluna sahib olması da bu qətllə bağlıdır.

ABŞ-ın Rafət Əmirovla “maraqlanması” isə onun İranla əlaqələrinə görədir. Məsələ burasındadır ki, “qanuni oğru” bir müddət İranda məskunlaşıb. ABŞ-ın güc strukturları hesab edir ki, o, iranlı müxalifətçilərdən birinin qətlində iştirak edib.

FOTO: Rafət Əmirov

Rafət Əmirov mərhum azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə seçilib. Ona “qanuni oğru” titulunun verilməsində də Lotu Qulinin xüsusi rolunun olduğu deyilir. Nadir Səlifov “sxodka”da əsas namizəd kimi Rafət Əmirovu önə çıxarıb və digər “qanuni oğru”lar da onunla razılaşmalı olub. Beləliklə, Rafət Əmirov “qanuni oğru” titiuluna yiyələnib.

Əmirovun Özbəkistanda saxlanılmasından sonra Rusiya mediasında onunla bağlı müxtəlif iddialar yer alıb. İddia olunur ki, “qanuni oğru” başqa bir kriminalitet Polad Ömərovun ifadələri əsasında diqqətə gəlib. Məlumatlarda bildirilir ki, Polad Əmirov Lotu Qulinin qohumudur. O, Əli Babayevin qətlinə görə saxlanılıb. Polad Ömərovun bu işdə Rafət Əmirovun adını hallandırması bir qədər inandırıcı görünmür. Əmirov “qanuni oğru”dur, onun əleyhinə ifadə vermək intihara bərabər addımdır. Digər tərəfdən, Polad Ömərovla Rafət Əmirov eyni komandada təmsil olunur. Aralarında hər hansı nifaq və ya düşmənçilik yoxdur.

FOTO: Polad Ömərov

Ehtimal olunur ki, bu iddia Lotu Qulinin tərəfdarları arasında təfriqə salmaq üçün ortaya atılıb. Nadir Səlifov həbsdən azad edildikdən sonra sürətlə kriminal dünyanı fəth etməyə başlayıb. O, qısa müddət ərzində MDB-nin az qala bir nömrəli kriminalitetinə çevrilib. Onun Rusiya da daxil digər MDB ölkələrinə ciddi təsir imkanlarının olması Rusiya xüsusi xidmət orqanlarını narahat etməyə bilməzdi. Elə bu səbəbdən vaxtaşırı Rusiya KİV-lərində Lotu Quli haqqında neqativ xarakterli məlumatlar dərc edilir və onu digər nüfuzlu “qanuni oğru”larla üz-üzə qoymağa çalışırdılar.

FOTO: Arman Cumagəldiyev

Məşhur “Çixladze olayı” buna nümunə ola bilər. Söhbət 2019-cu ildə gürcü əsilli “qanuni oğru” Quram Çixladze (Kvejoeviç) ilə qazax əsilli avtoritet, Lotu Qulinin yaxın adamı Arman Cumagəldiyev (Arman Dikiy) arasındakı insidentdən gedir. Həmin vaxt Cumagəldiyev Çixladzeyə yumruq zərbəsi endirib. Olay Lotu Qulinin gözü qarşısında baş verib. Onun müdaxiləsindən sonra tərəflər sakitləşib. Çixladze “qanuni oğru” olduğu üçün ona əl qaldırmaq oğru qaydalarına ziddir. Gürcü əsilli kriminalitet bunu əsas gətirərək Arman Cumagəldiyevin cəzalandırılmasını, əks təqdirdə Lotu Qulinin titilunun əlindən alınmasını tələb edib. Lakin Nadir Səlifov bu qarşıdurmadan qalib çıxıb. O, Armanı müdafiə edib, həm də titulunu qoruyub saxlaya bilib.

Bu qarşıdurmanın qızışmasında Rusiya xüsusi xidmət orqanlarının da rolunun olduğu iddia edilir. Nadir Səlifovun ölümündən sonra isə qardaşı Namiq Səlifov (Namiq Bakinski) önə çıxıb. Namiq Səlifov da “qanuni oğru” titulu daşıyır. Hər kəs Lotu Qulinin ölümündən sonra onun ətrafının dağılacağını düşünsə də, bu baş verməyib. Əksinə, Namiq Bakinski qardaşının gücünü qoruyub. Ehtimal olunur ki, indi Rafət Əmirovla Polad Ömərovun üz-üzə qoyulması bu gücün zəiflədilməsinə yönəlib. Güman yaxın vaxtlarda bu məsələ kriminal dünyanın əsas müzakirə mövzusu olacaq. Müzakirələr qarşıdurma səviyyəsinə də çata bilər.

Hüseyn Abbas

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.