Lukaşenko ÜST-ün karantin təklifini rədd edib:

"Ondansa pəncərəni açın, otağı havalandırın"
22 Aprel 2020 - 11:28

Ümumdünya Səhiyyə Təşkilatı Belarus hakimiyyət orqanlarına koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün tövsiyələrin siyahısını dərc edib. ÜST ekspertləri belaruslara karantin tətbiq etməyi tövsiyə edir: qeyri-mühüm hərəkətləri azaltmaq, bütün ictimai tədbirləri təxirə salmaq, məktəb və universitetləri distant təhsilə köçürmək.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu tövsiyələrə cavab olaraq bildirib ki, ÜST-nin həmişə “çox siyasəti var” və vətəndaşların öz ölkələrinin hakimiyyətlərinə etibar etməsi daha yaxşıdır. Belarus hakimiyyəti və Lukaşenkonun özü dəfələrlə bildirib ki, Belarus Respublikasında heç bir karantin tətbiq olunmayacaq.

“Onlar bizi sevmir. Bu, hər zaman kifayət qədər siyasətçil olan bir beynəlxalq təşkilatdır. Onlar hər yerə gediblər, gözləmədiyim halda palatalara da giriblər. Onlar bizə karantinə qədər, komendant saatı da daxil olmaqla xeyli məsləhətlər veriblər. Ekspert kimi onlar deyirlər: hakimiyyət yalan danışmır. Hər şeyi olduğu kimi deyirlər” – deyə, Lukaşenko ÜST ekspertlərinin səfərinə münasibət bildirib.

Ümumdünya Səhiyyə Təşkilatından sonra Belarus prezidenti məktəblərin maskalar və antiseptiklərlə təmin edilməsini tələb edən bəzi şagirdlərin valideynlərini də tənqid edib. Bazar ertəsi Belarusiyada əyani məktəblərdə dərslər yenidən başlaıb.

“Tam axmaqlıqdır. Uşaqlara bu maskaları taxmaq olmaz, xüsusən də məktəbdə. Belə bir tələb olmayıb. Əgər belə bir tələb varsa, bunu edənlər cavab verəcək. Ondansa pəncərəni açın, otağı havalandırın”– deyə prezident qoruyucu vasitələrin istehsal olunduğu Slavyanka müəssisəsinin işçiləri ilə görüşündə qeyd edib.

Bu arada, çərşənbə axşamı prezident xokkey komandasının oyunçusu Dmitri Meleşkoda koronavirus infeksiyasının aşkarlandığı təsdiqlənib. Prezidentin mətbuat katibi Natalya Eysmont Lukaşenkonun yoluxan şəxslə yaxın zamanlarda ünsiyyətdə olmadığını, beləliklə, Belarus prezidentinin özünü təcrid etməyəcəyini açıqlayıb. Sonuncu dəfə Meleşko aprelin 11-də Lukaşenkonun komandasında oynayıb.

Lukaşenko əvvəllər buz meydançasında virusların ola bilməyəcəyini bildirmişdi. “Axı sən də onların uçduğunu görməmisən. Elə mən də. Bura soyuducudur, sağlamlıq üçün ən yaxşı yerdir. İdman, bu soyuducu, buz – bu, əsl antivirus dərmanıdır” – deyə o bildirib.