Mədəniyyət Nazirliyi Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nazirlikdən verilən məlumata görə, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.

Tələbə ikən çəkildiyi “Əhməd haradadır” (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, “Mozalan” kinosüjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.