“Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi”.
Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev yeni təyin olunmuş Mədəniyyət nazirini qəbul edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu siyahılarla bağlı aparılan manipulyasiyalar bizim mədəni irsimizə çox böyük zərbə vurdu: “Digər xoşagəlməz halların, – əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, – hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə. Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim”.