Məhkəmədə Əbülfəs Qarayevin Hacıbala Abutalıbova məktubu elan olunub

25 Oktyabr 2021 - 19:43

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi keçirilib.

Məhkəmə iclasında ilk olaraq Dövlət Tikinti Arxitektura Komitəsinin birinci müavini Namiq Hümbətovun bu il 7 oktyabrda “FF 2011” Tikinti Şirkətinin rəhbəri Fərhad İbrahimova ünvanladığı məktub elan olunub. Məktubda bildirilir ki, sözügedən binanın tikintisinə 2017-ci ildə başlanılıb.

Məktubda yazılanlara münasibət bildirən Rasim Quliyev bildirib ki, məktubdan da məlum olur ki, artıq 2017-ci ildə binanın tikintisinə başlanıbmış: “Mənim imzamla sərəncam olanda artıq binanın tikintisi gedirdi. Əslində isə binanın tikintisi 2015-ci ildə başlayıb. Ona görə də mənim imzaladığım sərəncam əhəmiyyətsiz olub”.

Sənədlərin tədqiqi mərhələsinin davamında sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin 2019-cu il may ayının 6-da Baş nazirin müavini Hacıbala Abutalıbova göndərdiyi məktub elan olunub. Məktubda bildirilib ki, Dilarə Əliyeva 141 və 145 saylı ünvandakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda qeyd edilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.

İttiham tərəfinin araşdırması zamanı məlum olub ki, bundan sonra Hacıbala Abutalıbov həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəzisi həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək, onların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.

Məhkəmədə vəkillər Rasim Quliyevin hepatit xəstəliyindən əziyyət çəkdiyini göstərən sənəd təqdim ediblər.

Proses noyabrın 1-də davam etdiriləcək.