Məktəb direktoruna 208 il həbs cəzası verildi

15 İyul 2021 - 08:54

Meksikanın paytaxtı Mexikoda 2017-ci ildə baş vermiş zəlzələ nəticəsində çökən Enrike Rebsamen adına özəl ibtidai məktəbin məsul direktoru ehtiyatsızlıqdan 26 nəfərin ölümünə səbəb olmaqda ittiham edilərək, 208 il müddətinə həbs cəzasına məhkum edilib.

“RİA Novosti”-nin məlumatına görə, bu barədə ölkə prokurorluğu məlumat yayıb.

“Mexiko şəhərinin Baş Prokurorluğu bildirir ki, prokurorluğun təqdim etdiyi istintaq və sübutlar nəticəsində cinayət məhkəməsinin hakimi 26 nəfərin qətlində təqsirləndirilən şəxsə 208 il müddətinə həbs cəzası verib”, – deyə prokurorluğun saytında yerləşdirilən məlumatda qeyd olunub.

Həbs edilməklə yanaşı o, maddi zərərin əvəzi kimi insident zamanı ölənlərin hər birinin ailəsinə 377,5 min peso (18,9 min dollar) ödəməlidir.

Prokurorluğun açıqlamasında bildirilir ki, Xuan Mario Velarde Qames zəlzələyə meyilli Mexikoda məktəbin lazımi stres testlərini aparmadan və inzibati və inşaat qanun pozuntularına əhəmiyyət vermədən bir strukturun təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, 19 sentyabr 2017-ci il tarixində baş verən zəlzələ zamanı binanın çökməsi nəticəsində 19 uşaq və 7 böyük ölüb.