“Mənə deyirlər, onu sən hakimiyyətə gətirdin” –Oliqarx Berezovski Putinin namizədliyini niyə təklif edibmiş? (TARİX)

Rusiya Təhlükəsizlik Şurasının sabiq katib müavini, Yeltsinin MDB üzrə xüsusi nümayəndəsi, oliqarx Boris Berezovski ölümündən əvvəl, 2012-ci ildə ukraynalı jurnalist Dimitri Qordona verdiyi müsahibəsində 1999-cu ildə Vladimir Putinin necə prezidentliyə namizədliyini təklif etdiyinə dair maraqlı məlumat açıqlayıb.

Azpost.info bildirir ki, mərhum B.Berezovski müsahibədə Yeltsinə yaxın komandanın Putinin namizədliyindən əvvəl bir neçə şəxsi də nəzərdən keçirdiklərini bildirib.

Onun sözlərinə görə, Putinlə artıq 1999-cu ilin əvvəlindən başlayaraq prezidentlik məsələsi ilə bağlı müzakirələr aparırdı: “Putinin prezident vəzifəsinə gətirilməsində həlledici rol oynamasam da Yeltsini bu qərarının verilməsinə hazırlayan şəxslərdən biri olmuşam. O zaman hesab edirdim ki, Yevgeni Primakovla Putin arasında seçim pislə yaxşı arasında olan seçimdir. Mən bu gün də Primakovdansa Putini seçərdim”.

Berezovski deyib ki, o zaman parlament seçkisi ərəfəsində olan ölkədə  dalbadal kadr dəyişiklikləri ciddi problem yaradırdı: “Çernomırdin artıq qocalmışdı, Kirienko heç nə bacarmırdı. Stepaşin də ora-bura qaçmaqla məşğul idi. Primakov Yeltsini əvəz edib prezident olsa idi ölkəni geriyə aparacaqdı. Çox təhlükəli adam idi. Qarşıda ciddi mübarizə dururdu. Yalnız Putin tam ölçüdə bu kriteriyaya uyğun gəlirdi”.

Oliqarx deyib ki, Yevgeni Primakov FSB-yə Putinin rəhbər gətirilməsinin qarşı idi, ora öz adamını, Lomadzeni gətirmək istəyirdi. Putin də Primakovun əleyhdarı idi.

“Putin digərləri kimi heç kimin yanına qaçmır, gözə girməyə cəhd etmirdi. Tamamilə Yeltsin sayağı komanda adamı idi”-deyə o vurğulayıb.

Berezovski deyib ki, namizədliyin müzakirəsi ilə bağlı Putinlə görüşdə altı nəfər olub: “6 nəfər idik. Vladimir Yumaşov, Tatyana Dyaçenko, Aleksandr Voloşin, seçki qərargahnın rəhbəri İqor Şondrasulov, mən, bir də Surkov…O zaman Putin tam qaydalara uyğun oynayırdı. Sağa-sola bir addım belə atmırdı”.

B.Berezovski Putini “kreativ olmayan adam” adlandırıb: “KQB-nin bir çox adamları kimi Putin də o qədər də kreativ deyil. KQB Kommunist Partiyasının döyüş dəstəsi idi. Onları siyasi idarəetməyə hazırlamırdılar”.

Sabiq oliqarx vurğulayıb ki, insanın özünün nə istəməsi mühüm məsələdir: “Çox vaxt orta və ali məktəbdə əlaçı olanlarlar yox, əqidəli, iradəli, ideyaya sadiq adamlar prezident ola bilər. Putində bir sıra belə keyfiyyətlər var idi. FSB rəhbəri olarkən Primakovun siyasi təzyiqindən qorxmayaraq ad gününə evimizə gəlməsi, Anatoli Sobçakı sona qədər müdafiə etməsi… Məni Putindəki bu keyfiyyətlər çəkirdi. Deyirdim, düzdür, təcrübəsi yoxdur, amma bizim üçün əsas sabitliyin yaradılması idi. Odur ki, bu seçim tam şüurlu idi”.

 Müsahibə boyu Putini çox sərt tənqid edən Berezovski buna baxmayaraq etiraf edib ki, zaman da Putinin xeyinə işləyirdi: “Putin zamanında hakimiyyətə gəldi. Mənə deyirlər, onu sən hakimiyətə gətirdin, amma onun gəlişi vaxtında idi. O illərdə Rusiyada hansı film populyar idi? “Brat-1” və “Brat-2”…. Bax bu filmdə də əks olunan gözləntilər, milli ləyaqət hissinin yüksəlməsi, “biz böyük xalqıq” fikrinin özünüifadəsi… Bu axını “dövlətçi vətənpərvərlər” yox, “dövlətçi liberallar” istiqamətinə aparmaq şansı var idi. Amerikalılar da vətənpərvərdirlər. Amma onlar liberal vətənpərvələrdir. Onlar üçün insan dövlətdən yüksəkdədir. Putin isə bunu bəsit “biz”formasına gətirdi”- deyə Berezovski qeyd edib.

Sabiq oliqarx Rusiya üçün mənfi proqnozlarını da açıqlayıb: “Ya Rusiya dövlət kapitalizmindən uzaq, rəqabət apara biləcək, müasir demokratik sistemi olan ölkə olacaq, ya da sadəcə yox olacaq, SSRİ kimi dağılacaq. SSRİ niyə dağıldı? O daha inkişaf etmiş iqtisadi sistemə uduzdu. Başqa bir səbəb yoxdur”.

B.Berezovskinin fikrincə, SSRİ-nin suqutunun digər səbəbi ABŞ-da olduğu kimi vahid siyasi millət yarada bilməmələri idi: “Brejnevin vaxtında “sovet xalqı” yaratmağa cəhd olundu, amma effektiv olmadı”-deyə mühacirətdə olan sabiq oliqarx təəssüflə vurğulayıb.

Qeyd edək ki, Boris Berezovski Putinlə yaranmış fikir ayrılıqlarına görə, 2000-ci ildə Rusiyanı tərk edərək mühacirətə gedib. Vətəndə ona cinayət işi açılıb, bütün biznesi əlindən alınmışdı. B.Berezovski 2013-cü ilin mart ayında Britaniyada yaşadığı evində ölü tapılmışdı. Rəsmi açıqlamada onun intihar etdiyi bəyan olundu. Amma bu ölümün şübhəli olduğu barədə iddialar da var.

Azpost.info

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin məşhur “Yeralaş” kinojurnalının rəhbəri Boris Qraçevski vəfat edib

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər –