“Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir” –

Prezidentin xüsusi nümayəndəsi
18 Sentyabr 2021 - 14:53

“Qarşıdakı dövrdə Şuşanın tarixi görkəminin bərpası üçün xüsusi addımlar atılacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

A. Kərimov deyib ki, bu istiqamətdə mühüm addımlardan biri tarixi memarlıq abidələrinin bərpasıdır: “Artıq birinci mərhələdə 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür və yaxın 2 ay ərzində onların bərpasına başlanacaq. Proses şəhərin mərkəzi küçələrində yerləşən tarixi abidələrin bərpasından başlayacaq. Bundan əvəl artıq iki abidə – Mola Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi bərpa olunub. Digər abidələrin də bərpasına başlanacaq”.

Xüsusi nümayəndə qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə bu yaxınlarda Şuşada böyük bir layihənin – şəhərdə yeni yaşayış kompleksinin təməli qoyulub: “Şuşada ümumiyyətlə, tikinti və quruculuq işləri Baş Plana əsasən aparılır. Baş Plan artıq təqdim olunub. Prezident göstəriş verdi ki, 9 hektar ərazidə 25 binadan, çoxmənzilli, 4-5 mərtəbəli, gözəl, Şuşa memarlığına uyğun, müasir elementləri də özündə əks etdirən, infrastrukturu tam müasir olan yaşayış kompleksi istifadəyə veriləcək. Şuşada qəzalı vəziyyətə düşmüş, baxımsız vəziyyətdə olan binalar var idi. Onların yerində gözəl memarlıq üslubu ilə inşa ediləcək binalar tikiləcək, o binalarda şuşalılar yaşayıb yaradacaqlar”.

A. Kərimov Şuşa azad edildikdən sonra atılan addımların bir məqsədi olduğunu vurğulayıb: “Bu məqsəd Şuşa şəhərini ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir. Yəni insanların yaşaması, işləməsi üçün şərait yaratmağa çalışılır. Yəni burada iş yerləri, müvafiq sosial infrastruktur olmalıdır. Şuşada məktəb tikilir, xəstəxananın inşası gözlənilir. Bütün proseslər vaxt tələb edir. Amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək”.