2024-cü ilin birinci yarısında qoruqları 305 min 376 nəfər ziyarət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 201 min 138 nəfər və yaxud 52 faiz artım deməkdir. Qoruqlara gedənlərin 218 min 967 nəfəri xarici ziyarətçidir. Bu da ötənilki göstəricilərlə müqayisədə 78 faiz çoxdur.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Agentlikdən onu da bildiriblər ki, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər.
Müşahidələr göstərir ki, turistlər tarixi abidələrlə daha yaxından maraqlanırlar. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, ölkəmizin tarixini, mədəniyyətini təbliğ etdilir. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə edilməsi də daha çox turist axınınına səbəb ola bilər.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovun media açıqlamasında bildirib ki, COVID-19 pandemiyasından sonra Azərbaycan turizm sahəsini tez bir zamanda bərpa edən ölkələrdən oldu.
O bildirib ki, cari ilin yanvar-mart aylarında Azərbaycana 513 min 413 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çoxdur. “Turizm sahəsinin inkişafı ilə əlaqədar dövlət dəstəyilə həyata keçirilən tədbirlər Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, ötən il Azərbaycanı 2,2 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 30 faiz artım deməkdir”, – deyə aparat rəhbəri vurğulayıb.
K.Qasımov bildirib ki, gələcəkdə İƏT ölkələri ilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb ki, bu da ölkəmizə olan turist səfərlərinin artmasına imkan verəcək.
Beynəlxaq Turizm Təşkilatının məlumatlarına görə, XXI əsrin birinci onilliyində dünyada xarici turistlərin sayı bir milyardı ötüb. İki milyarddan çox insan isə daxili turizm xətti ilə öz ölkələri boyu səyahətə çıxır. Beləcə, demək olar ki, bəşəriyyətin yarısı bu və ya digər şəkildə turizm sferasına daxildir.
Sosioloji sorğuların nəticələri göstərir ki, səyahət etmək insanlar arasında dözümsüzlük hallarını aradan qaldıran vacib detaldır. Hər dəfə yenilik görəndə insan dünyaya başqa cür baxmağa başlayır. Qədim binaların fasadlarına baxarkən, tarixi məkanları seyr edərkən hiss edirsən ki, biz ən müxtəlif ölkələrdə yaşasaq da, hamımız çox oxşarıq.
Azərbaycan özünün rəngarəng tarixi, dini, müalicə, gəzinti və işgüzar mühiti ilə dünya turizm biznesinə töhfələrini verə bilər. Ölkənin malik olduğu təbii şərait və qədim tarix bu baxımdan Azərbaycanın dünya turzm sektorunda uğurunu şərtləndirən amil kimi çıxış edə bilər. Bu gün turizm sektoru ölkədə böyük perspektivlər vəd edən bir müstəviyə çevrilməkdədir. Hər il ölkəmizə gələn türistlərin sayında artım müşahidə edilir. 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayı artaraq 3,2 milyon nəfərə çatmışdı. Pandemiya dövründə bu sahə ciddi problemlər yaşasa da artıq yeni planlar qurmaq üçün imkanlar yaranmaqdadır.
Bu baxımdan turizmin müxtəlif növlərindən istifadə olunması aktuallığını saxlayır.
Dünyada turizmin növlərindən biri olan mədəni-tarixi turizm aparıcı mövqe tutur. Tarixi turizm dünyada qədim mədəniyyət izləri qalan bütün ölkələrdə uğurla tətbiq edilir. İtaliyada Roma imperiyasnın, Yunanıstanda Ellada və qədim yunan sivilzasiyasının, Misirdə firon epoxasının bu günə gəlib çatmış mədəni abidələri bu dövlətləri turizm üçün cəlbedici ölkəyə çevirir və milyonlarla turist hər il oralara axışır.
Qeyd edək ki, dünyada turist axınının 40 faizi mədəni motivasiya daşıyır: dünya, milli, yerli əhəmiyyətli mədəni dəyərləri, etnik xüsusiyyətləri, memarlıq nümunələrini öyrənmək, dərk etmək, toxunmaq, hiss etmək…
Böyük tarixi və mədəni irsə malik Azərbaycan da özünün bu yöndə olan turizm potensialı üçün böyük perspektiv açır. Buna ölkənin iqtisadi vəziyyəti, Azərbaycanın dünya sistemində tutduğu yer və turizm sahəsində inkişaf tendensiyası imkan verir.
Odur ki, dünya turizm sektorunda uğurlu və gəlirli sayılan tarixi turizmin ölkəmizdə inkişafı üçün yaxşı potensial var. Eramızın birinci yüzilliyinin ortalarında Azərbaycana gələn xristianlığın ilk ardıcılları burada böyük bir iz qoyub. Erkən xristian abidələri, Alban aftokefal kilsəsi, Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi, Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsi… Üstəlik peyğəmbər İsa Məsihin həvarilərindən olan müqəddəs Varfolemeyin Bakıda yaşaması və burada həlak olması barədə katolik dünyasında gəzən inam böyük xristian dünyasının üzünü Azərbaycana tutmağa vadar edə bilər.
Bütün bunların, tarixi turizmi inkişaf etdirən və ölkəyə səyahətçilərin böyük axınını yarada biləcək əsas detal olaraq, Azərbaycanı tarixi turizm üçün cəlbedci bir vitrinə çevirmək potensialı var.
Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada mədəni turizmin köklərinin atmasında mühüm rol oynayıb. Odur ki, turistlərə “Marko Polonun izi ilə” təqdim olunacaq turizm xəritəsi bu baxımdan böyük persektivlər vəd edən bir marşrutdur.
Bundan başqa, Xəzər sahili boyu təşkil olunmuş gəmi kruizi Azərbaycanın tarixi məkanlarına səyahət, xalqların yaşamı, ənənələri, həyat tərzini görmək imkanı verməklə yanaşı, turistlərdə ərazinin qədim tarixinin canlı tablosunu yaradacaq. Arxeoloji irsimizdə də turizm üçün böyük potensial var. Bu abidələrin düzgün təqdimatı kütləvi daxili və xarici turizmi stimullaşdıra bilər.
Azərbaycan tarixi dünya tarixinin bir hissəsi olmaqla cahanda böyük iz qoymuş hadisələrin baş verdiyi məkanları da özündə saxlayır. Babəkin döyüşdüyü tarixi qalalar, Şah İsmayılın və Səfəvilərin, Nadir şahın, neçə – neçə digər tarixi şəxsiyyətlərin dünya tarixini dəyişdirmiş məşhur döyüş yerləri bu baxımdan tarixi – mədəni turizmin əsas hədəflərindəndir.
Belə təcrübələr dünyada az deyil. Məsələn, Rusiyanın qoruq-muzeyi olan “Kulikovo çölü” monqol-tatarlarla rusların tarixi döyüş məkanı kimi daim turistlərin diqqətindədir. Muzey gözəl menecerlik işini təşkil etməklə turistlərin sayını artırmağa nail olub. İldə bu muzeyə 75 min turist gəlir.
Qeyd edək ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynamaqla yanaşı, bu məkanların beynəlxaq turizm müstəvisinə müncər edilməsi əsas məqsədlərdən biridir.
Azərbaycan Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad edib. Şuşada, digər məkanlarda mövcud turizm məkanları Azərbaycana gələn turistlər üçün də maraqlı olacaq. İşğaldan azad edilmiş ərazilərin turizm strategiyası və Şuşanın turizm potensialı müxtəlif marşrutlar, müxtəlif layihələrin hazırlanmasına fürsətlər yaradır.
Turizm üçün səyahət motivasiyasında dini-ziyarət institutunu təşkil edən səfərlər də xüsusi əhəmiyyətlidir. Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Qeyd etdiyimiz kimi, Azərbaycan iudaizm, xristian və islam mədəniyyətlərinin abidələri ilə zəngindir.
Ölkəmizin ərazisində mövcud olan islam mədəniyyəti abidələri dini turizmlə bağlı özündə böyük perspektivlər daşıyır.Heç təsadüfi deyil ki, müsəlman sivilzasiyasında müqəddəs məkanların olduğu yerlərin siyahında Azərbaycan da var. Ölkənin hər yerində belə mədəni-dini məkanlar, ziyarətgahlar mövcuddur. Bakıda Bibiheybət ziyarətgahı, Gəncədə İmamzadə, Naxçıvanda Əshabi-Kəf komplekslərinə hər il minlərlə insan ziyarətə gəlir. İnancı insanların ziyarət turizminin təşkil edilməsi turizm obyektlərinin ilboyu işləməsi üçün imkan yaradacaq.
Daha bir mühüm turizm resursu bayramlar, festivallar, sərgilərdir. Belə tədbirlər hadisə turizmini inkişaf etdirərək turistlərə bütün ilboyu səyahətə gəlmək stimulu verir. Məsələn, İspaniyada qeyd olunan 200 bayram məhz turizm əhəmiyyəti daşıyır. Onlardan bəziləri bütün dünyada məşhurdur.
Zəngin və qədim Azərbaycan tarixi belə bayramların böyük buketini özündə saxlayır. Onların sırasında ilk olaraq Novruz bayramını qeyd etmək olar. zərbaycanın qədim inanc və ənənələrinin simvolu olmuş bayramların bərpası, hazırlanması və təqdimatı tarixi turizmi inkişaf etdirməklə yanaşı mədəni irsin təbliğində böyük rol oynaya bilər.
Tarixi turizm mədəni irsin saxlanması üçün aparılan siyasətlə sıx bağlıdır. Bu sahə mühüm iqtisadi resurs olaraq yeni faktor kimi regionların inkişaf strategiyasına mühüm xidmətlərini göstərə bilər və ölkənin tarixi-mədəni zənginliynə söykənməklə regionların perspektiv sosial və iqtisadi inkişafı üçün real imkanlar yaradır.
Odur ki, bu sahənin inkişaf etməsi üçün qədim irsin saxlanmasını təmin edən geniş normativ-hüquqi sənədlər və bu irsin qorunmasını təşkil edən uğurlu tədbirlər vacibdir. Prezident İlham Əliyevin turizmin inkişafının prioritet elan etməsi turizm sektorunun qarşısındaçoxlu vəzifələr qoyub. Əsas vəziflərdən biri kimi turizm ehtiyatlarının genişləndirilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması qoyulub. Bunun üçün regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsi önə çəkilib.
Tarixi-mədəni turizmi stimullaşdırmaq, turist axınına nail olmaq üçün bu sahə üzrə menecment və peşəkar kadrlar əvəzedilməzdir. Ölkədə bununla bağlı ciddi iş aparılır. Prezidentin 2005-ci il 25 avqust tarixli fərmanı ilə Azərbaycan Turizm İnstitutu yaradılıb. ATİ-ni indiyədək 1064 məzun bitirib. Lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çox olduğunu nəzərə alsaq, peşəkar və ciddi menecment seqmentinin yaradılmasının prioritet olduğunu görmək olur. Ən mühüm olan məsələ menecerlik strukturunun yaradılmasıdır.
Səyahət dünyagörüşü genişləndirir, müxtəlif yerlərdə olarkən bizi bilmədiyimiz mədəniyyətə və ənənələrə kökləməklə dünya ölkələrini ayıran sərhədləri dağıdır. Anlayırıq ki, bizi birləşdirən amillər ayıranlardan daha çoxdur. Odur ki, Azərbaycan özünün qədim tarixi, tolerant mədəni mühitini dünyaya təqdim etməklə bu müxtəlifliyin cazibədar bir parçası olduğunu göstərə və ölkəmizə böyük turist marağını yönəldə bilər.
X.SƏFƏRLİ
Yazı MEDİA-nın dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.
