Məhkəmə “Azərbaycan Dəmir Yolları”nın yanacağını satan maşinistə cəza verdi

Məhkəmə
Məhkəmə

Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və mənimsəmədə təqsirləndirilən Zamiq Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, apellyasiya şikayəti qismən təmin olunub. Salyan Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilib və onun barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilib. Hökmdən Zamiq Babayevin Cinayət Məcəlləsinin 313, 66.2 və 66.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilib. Təqsirləndirilən şəxs üzərində qəti olaraq, ona Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) saxlanılıb.

İttihama görə, Zamiq Babayev “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, ezam olunduğu Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb. Zamiq bu məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satıb.

O, bu yolla 29 155,87 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.

İstintaq dövründə Zamiq Babayevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Salyan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.