İrlandiyada məktəblərdən birində baş verən faciə ölkə ictimaiyyətini sarsıdıb. AzPost-un Mirror nəşrinə istinadla məlumatına görə, 8 yaşlı məktəbli qolunu sındırdıqdan bir neçə gün sonra gözlənilmədən dünyasını dəyişib.
Hadisə noyabrın 6-da baş verib. Məktəbli Metyu Brin yıxılaraq qolunu iki yerdən sındırıb. O, təcili şəkildə xəstəxanaya aparılıb və həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirib. Uşağa ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb və yaxın günlərdə Dublində planlı əməliyyat olunacağı bildirilib.
Lakin təkrar hospitalizasiya zamanı Metyunun vəziyyəti qəfil ağırlaşıb. Ona dərmanlar və steroidlər təyin edilsə də, uşaqda güclü qusma və tənəffüs çətinliyi başlayıb. Həkimlər anaya uşağı daha çox su içirməyi və koridora qısa gəzintiyə çıxarmağı tövsiyə ediblər. Şikayətlərinə baxmayaraq, Metyu yenidən evə buraxılıb.
Noyabrın 10-da uşaqda yenidən ciddi tənəffüs problemləri yaranıb. Bir müddət sonra o, tamamilə nəfəs almağı dayandırıb. Uşaq xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onu süni koma vəziyyətinə salıb və həyat dəstəkləyici avadanlıqlara qoşublar.
Bütün müdaxilələrə baxmayaraq, noyabrın 17-də Metyu Brinin ürəyi dayanıb və o, dünyasını dəyişib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.