Məktəblərdə onlayn imtahanlara etimadsızlıq-Yenidən kağız üstündə qiymətləndirmə olacaq

Təhsil Nazirliyinin keçirdiyi milli qiymətləndirmə şagirdlərin real biliyini əks etdirmir.

Azpost.info bildirir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

“Çox təəssüf ki, bir çox məktəblərdə şagirdlərin nəticələrinin yüksək olmasının səbəbi onlara kənar müdaxilənin və köməkliyin olmasıdır. Biz sosial şəbəkələrdə də gördük ki, valideynlər uşaqların sualları ilə bağlı kömək istəyiblər. Bir çox məktəblərdə isə xüsusi mərkəzləşmiş vatsap qrupları yaradaraq bütün fənlər üzrə test tapşırıqlarının cavablandırılması həyata keçirilib. Yəni, şagirdlər test tapşırıqlarını çəkib vatsap qrupuna atır, müəllimlər isə cəld şəkildə o sualların cavablarını yazırdılar. Test tapşırıqları heç də dərsliklər əsasında deyil, müəyyən qədər dərsliklərdən kənar verilmiş suallar əsasında tərtib edilib”.

K. Əsədov deyib ki, buna görə də, gələcəkdə onlayn keçirilən imtahanlarda yeni model tətbiq edilməli, kompyuterin, telefonun kamerası şagirdlərin üz tanıma-“face-kontrol” proqramına bağlanılmalıdır: ” Bundan əlavə imtahanda test tapşırıqlarının cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq etmək lazımdır. Bu kənar müdaxilənin, test suallarının ikinci şəxs tərəfindən cavablandırılmasının qarşısını alar. Bu haldab iz şəffaf qiymətləndirmə həyata keçirə bilərik”.

Milli qiymətləndirmənin təhlilini həyata keçirən Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva isə bildirib ki, nəticələr əslində əvvəlki illərdən fərqli deyil. İmtahanın obyektivliyinə gəlincə, Ü. Babayeva deyir ki, imtahana şagirdlər sinif mühitindən yox, evlərindən qoşulub: “Biz anlayırıq ki, burada sualların cavablandırılmasına şagirdlərə kömək etmə imkanı var. Kiməsə ola bilər ki, bacı-qardaşı, kiməsə valideyni kömək edə bilər. Amma sualların cavablandırılması üçün vaxt məhdudiyyəti tətbiq edilmişdi. Nəzərə almaq lazımdır ki, bunu 100 faiz təmin etmək mümkün deyil. Ona görə də növbəti qiymətləndirmənin kağız üzərində aparılması planlaşdırılır. Pandemiya şəraitində imtahanın başqa cür təşkili mümkün deyildi desək, daha doğru ifadə etmiş olarıq. Dekabr ayında keçirdiyimiz qiymətləndirmə bu dövrədək keçirilmiş mövzuları əhatə edirdi. Ola bilər ki, mart ayında yenidən qiymətləndirmə keçirilsin. Bu mart ayınadək keçirilmiş dərsləri əhatə etsin”.

Qeyd edək qiymətləndirmə imtahanları bütün vacib fənləri əhatə etməklə yay aylarında da keçiriləcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Liqasının 1/8 final cütlükləri məlum oldu –

Sonrakı məqalə

“Yas və toy mərasimlərinin bərpası ilə bağlı addımlar atılacaq” –