“Mən olsam da, olmasam da, Azərbaycan irəli” –Canni de Byazi

“Bu gün də qələbə qazana bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətərlə keçirilən yoldaşlıq görüşündən sonra deyib.

2021-ci ilin son matçını Bakı Olimpiya Stadionunda keçirən yığmamız meydanı qollu bərabərliklə (2:2) tərk edib.

Müqavilə müddəti bu ayın sonuna qədər olan italiyalı mütəxəssis qarşılaşmadan sonra fikrini bu sözlərlə davam etdirib: “Yaxşı oyun göstərdik. Əsasən də ilk qolu buraxandan sonra yaxşı çıxış etdik. İkinci hissəyə də uğurlu başladıq, qol imkanlarımız oldu. Bundan da yaxşı nəticəyə layiq idik. Asan imkanları dəyərləndirə bilmiriksə, udmaq çətin olur. Ümumilikdə oyundan razıyam. Bundan da artıq inkişaf etmək imkanımız var”.

– Bugünkü oyundan nə gözləyirdiniz?
– Oyun çox da önəmli deyildi. Nəzərə alaq ki, yoldaşlıq görüşü idi, xal vermirdi. Amma komandamız üçün yaxşı test idi. Təəssüf ki, ilk səhvimiz baha başa gəldi. Əvəzində uğurlu reaksiya göstərdik, önə keçdik. Hətta 2:2 hesabında da şansımız oldu, uda bilərdik. Bəzən belə olur, qara illər.

– Müqavilə müddətiniz başa çatmaq üzrədir və qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Siz özünüz məşqçi karyeranızı davam etdirmək istəyirsiniz?
– Adətən hər şeyin sonuna kimi çatmağa öyrəşmişəm. İdeyalarım var, nə etmək istədiyimi bilirəm. AFFA qərar verəcək, nə baş verəcəyini bilmirəm. Mən olsam da, olmasam da sistemli şəkildə iş davam etməlidir. İtaliya bunu etmişdi, uğurlu olmuşdu.

– Berti Foqts millimizdən getdikdən sonra demişdi ki, Azərbaycan futbol yox, şahmat ölkəsidir. Siz buradan ayrılsanız, ölkənizdə Azərbaycanla bağlı hansı sözləri deyəcəksiniz?
– Görürəm ki, sizə çox maraqlıdır. Əgər ayrılsam, quqldan baxıb, nə danışdığımı görərsiniz.

– Qarşıdakı dönəmlə bağlı azarkeşlərə müsbət notda nələr deyə bilərsiniz?
– Azarkeşlərə ilk növbədə sözüm odur ki, onları müsbət nəticələrlə sevindirə bilmədik, heyfsilənirəm. Onların məyusluğunu başa düşürəm. Bundan artığına layiqdirlər. Amma komandanın bazası var. Bu gün Cəlal Hüseynov yığmada debüt etdi, gələcəkdə bizə yaxşı kömək edəcək. Bəhlul Mustafazadənin gələcəyi var. Qara Qarayev bu gün yaxşı oynadı, Emin Mahmudov fantastik səviyyədədir. İlk hissədə hücumdan razı qalmadım, ona görə fasilədən sonra dəyişikliklər etdim. Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov, Rüstəm Əhmədzadə kimi gənclərimiz var. Komandanın yaşlıları gənclərə dəstək olmalıdır, kömək etməlidirlər. Oyundan sonra uşaqlara təşəkkürümü bildirdim.

– Emin Mahmudovun yaşı az olsaydı, onun İtaliya klublarında oynamaq imkanı nə dərəcədə real olardı?
– Emin Portuqaliyada oynayıb. İtaliyada da rahat oynaya bilər. Dünən avtomobildə onunla bu barədə danışırdıq. Ola bilər ki, gənc yaşda hazır deyildi, bugünkü kimi güclü deyildi. Amma hamıdan çox qaçır, yüksək keyfiyyət göstərir. Maksim Medvedevi də qeyd etmək istərdim. Hər zaman komanda üçün ürəyini ortaya qoyur.

– Sizə görə, bu ilin ən yaxşı futbolçusu Mahir Emreli, yoxsa Emin Mahmudovdur?
– 2021-ci ilin ilk hissəsində Mahir “Qarabağ”ın qolçusu idi. Millidə bizimlə 14 oyun keçirdi, qol vurmadı. Hücumçunun əsas işi qol vurmaqdır. Bilmirəm, bəlkə Polşada bəxti gətirir, qol vurur. Bu gün də çox istəkli idi. Çox istəyi bəlkə də alınmamasına səbəb olur. Mənə görə, ilin ən yaxşısı Emin Mahmudovdur. Uzun fasilədən sonra “Neftçi” ilə çempion oldular. Mənim ilk vaxtlarımda da millidə oynamırdı. Onunla görüşümdən sonra hər şey dəyişdi. Onun yanaşması çox xoşuma gəldi.

– Futbolçular açıqlamalarında bildiriblər ki, məğlubiyyətlərdən beziblər. Bu amil sizdə inamı azaltmayıb?
– Uduzmaqdan zəhləm gedir. Lüksemburqla ağır oyundan sonra futbolçular bugünkü matça fərqli yanaşa bilərdilər. Qətər FİFA reytinqində 46-cı pillədə qərarlaşır. 10 ildir bir yerdə oynayırlar. Çoxlu milliləşdirilmiş yaxşı oyunçuları var. Ən azı 3 real qol imkanını qaçırdıq. 2 lazımsız qol buraxdıq. Yaxşı ki, 2 qol vurduq, bu məni sakitləşdirir. Ümumilikdə uduzmağa öyrəşməmişəm, buna görə çox əsəbiyəm.

– Mətbuat konfranslarında aqressiv suallara baxmayaraq, hər zaman sakit şəkildə cavab verirsiniz. Bunu necə bacarırsınız?
– Çünki siz və sizin kimi gözəl həmkarlar var, bu məni sakitləşdirir. Çox vaxt asan olmur. Amma biləndə ki, əlindən gələni etmisən, sakit olursan. Məşqçi kimi futbolda 30 illik təcrübəm var. Adi bir epizod hər şeyi dəyişə bilər. Xırda detallar hər şeyi həll edə bilər. Əsas odur ki, uşaqlar gördüyümüz işə inanırlar. Əsas odur ki, baza var. Mən olsam da, olmasam da, Azərbaycan irəli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlilabadda 14 yaşlı qız intihar edib

Sonrakı məqalə

Azərbaycan bu gündən Qafan yolunda nəzarət-buraxılış məntəqəsi yaradır