Məşhur fotoqraf Rza Deqqəti mətbuat nümayəndələri ilə görüşüb

Bu gün Heydər Əliyev Mərkəzində dünyaca məşhur fotoqraf Rza Deqqətinin mətbuat nümayəndələri ilə görüşü keçirilib. 

Tədbirin təşkili üçün Heydər Əliyev Fonduna təşəkkür edən R. Deqqəti uşaqlığından bəhs edib.

O bildirib ki, hələ uşaqlıqdan gözəllik və  yoxsulluq onu cəlb edib: “Bu iki şey məni həmişə cəlb etsə də, görürdüm ki, bunları sözlə deyə bilmərəm. Beləcə foto çəkmək qərarına gəldim. Düz 55 il əvvəl mən ilk fotolarımı çəkməyə başladım”. Deqqəti fotoları ilə bəşəriyyətə xidmət göstərməyə çalışdığını vurğulayıb: “55 il ərzində dünyanın bir çox jurnallarında, o cümlədən “National Geographic” jurnalında çalışmışam. Fotolarımda hər zaman insanları göstərməyə və onların sözlərini dünyaya çatdırmağa cəhd eləmişəm”.

Sonra R. Deqqətinin fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub.

Daha sonra əsərlərində bəhs edən fotoqraf indiyə kimi 33 kitabının çap edildiyini, onların içində Azərbaycana aid nəşrlərin də yer aldığını diqqətə çatdırıb: “Mənim 20 Yanvar, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitablarım da var. Bu kitablar Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən nəşr edilib”.

20 Yanvar və Xocalı soyqırımını işıqlandırmasından da  bəhs edən R. Deqqəti bu fotoların bir çoxunun böyük çətinlik hesabına ərsəyə gəldiyini qeyd edib: “Xocalı soyqırımından dərhal sonra Bakıya gəldim, sonra Ağdama yollandım. Ermənilərin Xocalıda törətdiklərinin canlı şahidi oldum. Orada Allahverdi Bağırovun köməyi ilə əsirlərin dəyişilməsində iştirak elədim. Ermənilərin arasında Fransadan gəlmə erməni də var idi. Allahverdi Bağırov mənə dedi ki, sən özünü fransız kimi təqdim elə və onunla fransızca danış, mən də o cür elədim. Mən orda azərbaycanlı əsirlərin hansı işgəncələrə məruz qalmasına şahid oldum. Dəyişdirilən əsirlərin çoxu aclıqdan ayaq üstə dura bilmir, danışmağa çətinlik çəkirdilər”.

Torpaqlar işğaldan azad olunduqdan sonra yenidən Ağdama səfər etdiyini bildirən fotoqraf onun o vaxt çəkdiyi yerlərin heç birinin indi qalmadığını vurğulayıb: “O vaxt Ağdam Cümə məscidinin arxasında morq var idi. Mən orda da çəkiliş etmişdim. Torpaqlar azad edildikdən sonra mən yenidən Ağdama getdim və həmin yerdə sərgi keçirdim”.

O, həmçinin birinci və ikinci Qarabağ müharibəsində çəkdiyi şəkilləri də müqayisə edib:  “Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərlə birgə Şuşada, mədəniyyət evinin qabağında şəkil çəkdirmişdik. Şuşa azad edildikdən sonra mən o şəkli çap edib yenidən Şuşaya getdim, lakin o binanı tapa bilmədim, ermənilər tamamilə dağıtmışdı”.

Dünyada indiyə qədər 460 sərgisinin təşkil edildiyini diqqətə çatdıran fotoqraf onların bir neçəsinin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Keçidlərdə atları dəyişmirlər…” və ya çaparlar niyə Federasiyadan narazıdır? –

Sonrakı məqalə

Rusiya peyvəndlərinin “Britaniya ştammı”na qarşı effektiv olduğu təsdiqlənib