Mövsümün ən çox yeyilən meyvələrdən biri olan mandarin sağlamlıq üçün gözlənilməz problemlər yarada bilər.
AzPost xəbər verir ki, mütəxəssislər bu sitrus meyvəsinin həddindən artıq qəbulunun təkcə allergiya deyil, həm də həzm sistemi, böyrəklər və diş sağlamlığı üçün riskli olduğunu bildirirlər.
Dietoloqların sözlərinə görə, mandarinlərdə bol miqdarda C vitamini və lif var. Lakin bu maddələrin normadan artıq qəbulu orqanizmdə balansı poza bilər. Xüsusilə böyrəklərdə daş əmələ gəlməsi riskinin artdığı vurğulanır.
Mütəxəssislər qeyd edir ki, mandarinlər faydalı olsa da, onları tam qida rasionu kimi qəbul etmək düzgün deyil.
Bildirilir ki, mandarin əsasən şəkər və sudan ibarətdir. Bu meyvədə zülal, yağlar, B qrupu vitaminləri, dəmir və kalsium kifayət qədər deyil. Zülal çatışmazlığı orqanizmdə halsızlıq və immunitetin zəifləməsinə səbəb ola bilər. Yağların azlığı isə A, D, E və K vitaminlərinin mənimsənilməsini çətinləşdirir və hormonal tarazlığı poza bilər. Dəmir və B vitaminlərinin azlığı isə anemiya və başgicəllənməyə yol aça bilər.
Çoxlu miqdarda mandarin yemək həzm sisteminə və mədəaltı vəzə əlavə yük yaradır. Turşular və şəkərlərin çoxluğu mədə ağrısı, ishal və uzunmüddətli dövrdə bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilər. Bu da nəticə etibarilə immun sisteminə və maddələr mübadiləsinə mənfi təsir göstərir. Bundan başqa, sitrus turşuları diş minasını zəiflədərək diş problemlərinə yol aça bilər.
Mütəxəssislər mandarinlərin əsas yeməkdən sonra desert kimi qəbul edilməsini tövsiyə edirlər. Təhlükəsiz gündəlik norma böyüklər üçün üç-dörd mandarin, uşaqlar üçün isə bir-iki mandarin hesab olunur. Bu qaydaya əməl etməklə həm immuniteti gücləndirmək, həm də sağlamlıq risklərindən qorunmaq mümkündür.