“Makron bu statusla bizimlə “eyni dildə danışmağa” çalışdığına eyham vurub” –Cavanşir Feyziyev

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzv dövlətlərin bu dəfəki Sammiti yekun Bəyannaməsində də Azərbaycanın hərbi-siyasi və iqtisadi maraqları öz əksini tam şəkildə tapdı. Bununla yanaşı NATO baş katibi ilə, eləcə də digər dövlət başçıları ilə keçirilmiş ikitərəfli danışıqlar da cari mərhələdə Azərbaycanın mövqeyini bildirmək və öz mövqeyinə siyasi dəstək qazandırmaq baxımından olduqca əhəmiyyətlidir”.

Bu sözləri 1news.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev Brüssel görüşlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzv dövlətlərin Sammiti Aİ-Azərbaycan münasibətlərini zamanın nəbzinə uyğun olaraq inkişaf etdirmək və bu münasibətlərin mövzusunu və mahiyyətini daim təkmilləşdirmək baxımından çox əhəmiyyətli siyasi bir tədbirdir. “Keçən il bölgəmizdə baş vermiş hadisələrdən sonra ərazidə yaranmış yeni reallıqlar haqqında digər tərəfdaşların ətraflı və düzgün məlumatlandırılması, bölgənin gələcəyi ilə bağlı Azərbaycanın mövqeyinin izah edilməsi və bu mövqeyə dəstək əldə edilməsi görüşün əsas nəticələridir” – deyən deputatın sözlərinə görə, Sammitlə bağlı verilən məlumatlardan da görünür ki, Azərbaycan Prezidentinin bütün görüşləri uğurla nəticələnib”.

C.Feyziyev deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında baş tutmuş görüş bütün tərəflər üçün çox əhəmiyyətli bir hadisədir: “Bu görüş də ondan əvvəl Rusiyada keçirilmiş görüşlər kimi bölgədə sabitliyi təmin etmək üçün göstərilən səylərin bir hissəsidir. Azərbaycan həm müharibədən əvvəl, həm də müharibədən sonra həmişə belə təşəbbüslərə açıq olub. Dövlətimizin məqsədi bölgədə düşmənçiliyə son qoyulmasına və bölgədaxili siyasi-iqtisadi münasibətlərin normallaşdırılmasına nail olmaqdır. Bu istiqamətdə müsbət nəticə əldə etmək üçün atılmalı olan addımlar artıq əvvəlki görüşlər zamanı əldə olunub. İndi nəzərdə tutulan addımların praktiki tətbiqinə başlamaq üçün belə görüşlər təkanverici mexanizm rolunu oynamalıdır.

Məsələn, iki ölkə rəhbərinin Brüssel görüşündə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı daha əvvəl razılaşdırılmış layihələrdən birinin – dəmir yolunun bərpasına başlamaq haqqında qəti qərar qəbul olundu. Belə mürəkkəb vəziyyətlərdə ilk addımın atılması həmişə çətindir. Amma çətin də olsa bu kimi addımların atılması bölgəni addım-addım sülhə və sabitliyə qovuşduracaq. Bu baxımdan İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə baş tutmuş görüş və onun nəticəsi daha əvvəl Azərbaycan – Rusiya – Ermənistan formatında keçirilmiş görüşlərin və qəbul olunmuş qərarların müsbət davamı kimi qiymətləndirilməlidir”.

Fransa prezidentinin öz sosial şəbəkə səhifəsində Azərbaycan dilində status yerləşdirməsinə də toxunan C.Feyziyev bunu Azərbaycana ünvanlanmış diplomatik mesaj kimi dəyərləndirib: “Düşünürəm ki, bununla Fransa prezidenti əvvəlki anti-Azərbaycan mövqeyindən geri çəkildiyini və bizimlə “eyni dildə danışmağa” çalışdığını, yəni bizim maraqlarımızı da nəzərə almaq qənaətində olduğunu eyham edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir