Makron Venesuela prezidentinin həbsini alqışlayıb

Fransa Prezidenti Emmanuel Makron verdiyi açıqlamada Venesuela xalqının “Nikolas Maduronun diktaturasından azad olunmasını” alqışlayıb. ABŞ-ın X sosial platformasında paylaşdığı mesajda Makron bildirib ki, hakimiyyəti mənimsəməklə və əsas azadlıqları tapdalamaqla Nikolas Maduro öz xalqının ləyaqətinə ciddi zərbə vurub.

Fransanın dövlət başçısı Venesuelada “dinc, demokratik və xalqın iradəsinə hörmət edən” siyasi keçidə çağırıb. O, 2024-cü ildə prezident seçilmiş Edmundo Qonsales Urrutianın bu mühüm mərhələni tezliklə həyata keçirə biləcəyinə ümid etdiyini vurğulayıb.

Bu bəyanat Fransa siyasi səhnəsində ABŞ-ın Venesuelaya endirdiyi zərbələri pisləyən fikirlərin artdığı bir vaxta təsadüf edir. Marin Lö Pen Venesuelanın suverenliyinin pozulmasını qınayaraq, xarici hərbi müdaxilələrin qəbuledilməz olduğunu bildirib. Jan-Lük Melenşon da ABŞ-ın hərbi əməliyyatlarına qarşı çıxıb.

Sol partiyaların, o cümlədən “Əyilməz Fransa” (La France insoumise-LFİ) və Kommunist Partiyasının çağırışı ilə Parisdə Respublika meydanında onlarla etirazçı toplaşıb. Aksiya iştirakçıları ABŞ Prezidenti Donald Trampa qarşı şüarlar səsləndiriblər.

Emmanuel Makron regional tərəfdaşlarla məsləhətləşmələrin davam etdiyini və Fransanın Venesueladakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün vəziyyəti yaxından izlədiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.