“Mançester Siti” klubu tarixində 7-ci dəfə İngiltərə çempionu olub

12 May 2021 - 01:59

Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.

Hazırda turnir cədvəlində ikinci yerdə qərarlaşan “Mançester Yunayted” klubunun “Lester Siti”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.

Xosep Qvardiolanın yetirmələri “Mançester Yunayted”i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər. Beləliklə, “Mançester Siti” yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl “Mançester Siti” ispan mütəxəssisin rəhbərliyi altında 2017-2018-ci və 2018-2019-ci il mövsümlərində də ölkə birincisi olub.

Qeyd edək ki, ötən mövsümdə çempionluq titulunu “Liverpul” qazanıb.